Biri var idi, biri yox idi, bir həyatda yaşayan pişik, keçi və qoyun var idi. Onlar bir-biri ilə mehriban dolanırdılar. Saman topasını belə bərabər bölürdülər. Təkcə pişik yaramazlıq edirdi. O, çox yaramaz və oğru idi. Nəyi nəzarətsiz görsəydi, tez onu oğurlayardı.
Bir gün boz pişik ağlaya-ağlaya gəldi. Keçi və qoyun ondan soruşdu:
– Ay alnı boz pişik, nədən ağlayırsan, niyə belə qaçırsan?
Pişik onlara dedi:
– Necə ağlamayım axı, evin xanımı məni döyüb, qulaqlarımı dartıb, qolumu sındırıb, hələ üstəlik, boğmaq da istəyirdi.
– Bəs nə üstündə sənin başına bu bəlanı açdı? – Keçi ilə qoyun soruşdu.
– Heç, təsadüfən taxçadakı xamanı yemişdim.
– Ay səni oğru, yaxşı olub payını veriblər. Niyə xamanı oğurlayırdın?!
Pişik yenə ağladı:
– Evin xanımı məni döyə-döyə deyirdi ki, "Qonağım gələndə onun üçün hardan xama götürəcəyəm? İstəmədən gərək keçi ilə qoyunu kəsim ki, qonağım üçün süfrə açım".
Bu zaman keçi və qoyun da ağlamağa başladılar:
– Ay səni boz pişik, yaramaz pişik! Nəyə görə sən bizim başımıza bu bəlanı gətirdin?
Onlar oturaraq bir qədər fikirləşdilər, düşündülər və qərara aldılar ki, üçü də evdən qaçsın. Həyət qapısının açılmasını gözləyərək, ilk fürsətdə üçü də qaçdı.
Pişik, keçi və qoyun çox qaçdılar, təpələri aşdılar, qumluqları keçdilər və yamanca yoruldular. Otu biçilmiş və tayalara vurulmuş bir zəmidə gecələməyə qərar verdilər. Gecə çox soyuq idi, isinmək üçün od tapıb tonqal qalamaq lazım idi. Pişik tozağacı qabığını taparaq keçinin buynuzuna sarıdı və qoyunla kəllə-kəlləyə toqquşmalarını söylədi. Keçi ilə qoyun qaçaraq buynuzlarını bir-birinə vurdular, bu toqquşmadan gözlərindən qığılcım töküldü. Qığılcımdan ağacın qabığı alışdı. Boz pişik çox fikirləşmədən bir taya otu yandırıb dedi:
– Bax, indi axır ki, qızınacağıq.
Onlar hələ yaxşıca isinməmişdilər ki, gözlənilməz bir qonaq – ayı Mixaylo Potapiç Toptıqin tonqalın yanına gəldi.
– Qardaşlar, icazə verin mən də bir qədər isinim, dincəlim, yamanca yorulmuşam.
Pişik dedi:
– Xoş gəlmisən, ayı qardaş, buyur keç! Hardan gəlirsən, hara gedirsən?
– Bal toplamağa getmişdim, arı saxlayan kəndlilərə rast gəldim, onlarla bir az dalaşdım, narahatçılığım da ondandır.
Dostlar birlikdə gecələməyə qərar verdilər. Keçi və qoyun tonqal ətrafında qaldılar, pişik ot tayasının üstünə çıxdı, ayı isə tayanın altına girdi.
Ayı yatır, keçi ilə qoyun mürgüləyirdi. Təkcə pişik yatmır, ətrafa baxırdı. Birdən pişik gördü ki, onlara tərəf yeddi canavar gəlir. Altısı boz, başçısı isə ağdır. Ağ canavar keçi ilə qoyuna dedi:
– Siz kimsiniz belə, gəlin gücümüzü sınayaq!
Keçi və qoyun bu sözlərdən sonra yaman qorxdular. Pişik vəziyyətdən çıxmaq üçün dedi:
– Ağ canavar qardaş, canavarların başçısı, gəl sən bizim başçımızı oyadıb qəzəbləndirmə. Əsəbləşsə, heç kimə baxmaz. Görmürsən onun uzun saqqalını? Gücü ondadır. O, saqqalı ilə bütün heyvanları döyür, buynuzu ilə dərilərini soyur. Ən yaxşısı yaxınlaşıb xoşluqla deyin ki, ot tayası altında yatan kiçik qardaşınızla oynamağa icazə verin.
Canavarlar keçidən icazə alaraq ot tayasının altında yatan ayı ilə oynamağa başladılar. Ayı yatarıq güc yığmışdı, ayılıb hər caynağını bir canavarın xırtdəyinə keçirdi. Canavarlar ulaşmağa başladılar. Güc-bəla ilə canlarını ayının əlindən qurtararaq quyruqlarını sıxıb qaçdılar.
Ayı canavarları döyən zaman keçi ilə qoyun pişiyi belinə alıb tez geriyə, evə döndülər. Onlar dedilər:
– Bəsdir boş-boş veyilləndik! Nə qədər ki, başımıza bir iş gəlməyib, geriyə qayıdaq.
Kəndli və onun xanımı keçi ilə qoyunun geri qayıtmağına sevindi. Pişiyi isə kələkbazlığı və yaramazlığına görə yaxşıca cəzalandırdılar.







