Yaşıl meşənin kənarında gözəl bir ev vardı. Bu evin damının altında iki göyərçin qardaş yaşayırdı. Onlar gözəl və isti yuvalarından çox məmnun idilər. Ətrafda yem də bol idi. Yəni bu göyərçinlərin gileylənmək üçün heç bir səbəbi yox idi.
Günlərin birində göyərçinlərdən biri dünyanı gəzib bəxtini sınamaq istədi:
— Artıq buralardan bezmişəm. Hər gün eyni yuva, eyni meşə, yediyimiz yemə qədər hər şey eynidir. Artıq kifayətdir, mən gedirəm.
— Getmə, qardaşım. Dünyanın çox böyük olduğunu deyirlər. Yaşıdlarımız dünyada düşmənin çox olduğunu söyləyir. Getmə, özünü təhlükəyə atma.
Amma göyərçin böyük qardaşını dinləmədi, fikrini dəyişmədi. Buna görə də qardaşı belə söylədi:
— Heç olmasa, indi getmə, bax meşənin üstündən gələn buludları görürsənmi? Bu gün güclü fırtına olacaq. Sabah səfərə çıxarsan.
— Olmaz, mən artıq qərar vermişəm, — kiçik göyərçin yola düşdü.
Həqiqətən də, bir az sonra külək güclənərək fırtınaya çevrildi. Fırtına elə güclü idi ki, göyərçin uça bilməyib bir ağacın budaqlarına sığındı. Fırtına ilə birlikdə yağan leysan da quşu tamamilə islatdı.
Göyərçin səhərə qədər orada soyuqdan titrədi. Günəş doğandan sonra tüklərini qurutmaq üçün günəşin altına çıxdı. Uçarkən yerdə böyük buğda zəmisini gördü. Zəminin ortasında bir yerə isə ac göyərçinlər üçün dən tökmüşdülər. Hətta o, tarlada buğda dənləyən bir göyərçin də gördü.
Aşağı enəndə yuxarıdan göyərçin sandığı şeyin, əslində, taxtadan düzəldilmiş müqəvva göyərçin olduğunu başa düşdü. Amma artıq gec idi. Ayaqları yerə sərilən tora ilişib qaldı.
Çırpınaraq canını qurtarmaq istədi. Saatlarla çapaladı, qan-tər içində qaldı. Axırda özünü tordan çıxarmağı bacardı, yaxşı ki, qonduğu yerdə tor bir az sökülmüşdü.
Xilas ola bildiyinə sevinib uçarkən bir çalağanın üstünə şığıdığını gördü. Qorxu içində çırpınaraq uçmağa çalışdı, amma bacarmadı. Qanadlarının arasında çalağanın caynaqlarını hiss edəndə sonunun gəldiyini düşündü.
Elə bu vaxt bir qartal qanadlarını çırparaq çalağana hücum etdi. İki vəhşi quş bir-birləri ilə dalaşanda göyərçin aradan çıxmağı bacardı.
Bir evin damına qonub nəfəsini dərmək istədi. Bağçada ona doğru irəliləyən bir uşağın əlindəki sapandı görmədi. Sapanddan çıxan daş sinəsinə dəyəndə bir anlıq müvazinətini itirdi. Yenə də özünü toplayıb birtəhər damın altına sığına bildi.
Güc-bəla ilə özünü yuvaya çatdırdı. O qədər macəra və təhlükədən sonra rahat yuvasına qayıtdığı üçün çox xoşbəxt idi. Bir də heç vaxt öz məskənindən ayrılmadı.







