Biri varmış, biri yoxmuş, uzaq ellərin birində anası ilə birlikdə yaşayan Əli adlı keçəl bir oğlan varmış. Anası saray mətbəxində işləyər, hər gün dadlı-dadlı yeməklər bişirərmiş.
Əli mehriban və xoşxasiyyət olsa da, heç bir işdə uğur qazana bilmirmiş. Odunçunun yanında işləyəndə baltanı güclə qaldırar, dəyirmanda çalışanda isə ağır un kisələrini daşıya bilməzmiş. Çünki çox arıq və zəifmiş. Buna görə də arabir anası ilə sarayın mətbəxinə gedər, orada vaxt keçirərmiş. Əli həm də şahzadə Muradın ən yaxın dostu imiş. Onlar tez-tez söhbət edər, birlikdə gəzintiyə çıxarmışlar.
Günlərin bir günü Əli ilə şahzadə Murad sarayın bağında gəzərkən padşah onların yanına gəlib oğluna deyir:
— Artıq böyümüsən. Get, ölkəni gəz, gör və tanı. Amma bir şərtim var: Xasiyyətcə çox hövsələsiz olan divin meşəsinə qətiyyən girmə! Tutaq ki, girdin, orada heç nə yemə və içmə!
Ertəsi gün şahzadə yola düşür. Çox gedib, az gedib, axırda atasının danışdığı divin meşəsinə çatıb. Atasının xəbərdarlığını xatırlasa da, meşənin gözəlliyi onu valeh edir. "Nə olar ki? Bir az gəzər, sonra yoluma davam edərəm", — deyib meşəyə girir.
Şahzadə meşədə dələrlə gizlənpaç oynayıb, quşları yemləyib, çiçəkləri iyləyir. Beləcə, meşənin dərinliklərinə doğru irəliləyir. Bir az sonra qarşısına cürbəcür yeməklərlə dolu süfrə çıxır. Şahzadənin də çox acdığı üçün bu ləziz yeməklərə dözə bilməyir. Atasının xəbərdarlığına baxmayaraq, "Bir az yesəm, heç nə olmaz", — deyib süfrə arxasına keçir. Bir tikə ondan, bir tikə bundan yeyə-yeyə qarnını doyurur. Sonra gözlərinə yuxu çökür və elə oradaca yuxuya gedir.
Şahzadə şirin yuxuda ikən div gəlib çatır. Addımları yerə düşdükcə torpaq titrəyirmiş. Şahzadəni süfrənin başında görəndə çox qəzəblənir. Məlum oldu ki, div yeməyini heç kimlə bölüşməyi sevmirmiş. Hirslənərək şahzadəni qucağına alıb aparır.
Günlər keçdi, şahzadə geri qayıtmadı. Padşah çox narahat oldu. Oğlunu axtarmaq üçün əsgərlərini ölkənin hər tərəfinə göndərsə də, heç bir xəbər ala bilmədi. Əli də dostunun yoxa çıxmasına çox üzüldü. "Görəsən, haradadır?" — deyə düşünüb-daşınıb, nəhayət, əsgərlərin belə girməyə cəsarət etmədiyi divin meşəsinə getməyə qərar verdi. Çünki dostu üçün çox narahat idi.
Əli anasına şahzadəni axtarmağa gedəcəyini deyir, anası narahatlıqla söyləyir:
— Sən heç odun da yara bilmirsən, ağır kisə də daşıya bilmirsən. Divlə qarşılaşsan, bu zəif halınla nə edə bilərsən?
Əli isə cavab verir:
— Narahat olma, ana. Özümə çarə taparam. Axı hər şey gücdən asılı deyil!
Sonra yola düşüb. Az gedir, çox gedir, dərələrdən, təpələrdən keçir və nəhayət, divin meşəsinə çatır. Şahzadəni axtara-axtara yeməklərlə dolu süfrəyə gəlir. Özü də çox acmışdı. Əlini yeməklərə uzadanda padşahın sözləri yadına düşür. Yeməklər nə qədər ləziz görünsə də, özünü saxlayıb süfrədən uzaqlaşır.
Elə bu vaxt yer titrəməyə başlayır. Əli tez bir kolun arxasında gizlənir. Div gəlib süfrənin başında əyləşir, yeməklərin hamısını bir göz qırpımında yeyir. Sonra qalxıb evinə qayıtmaq üçün yola düşüb. Əli də gizləndiyi yerdən çıxaraq onun arxasınca gedir.
Div evinə çatıb divana əyləşir. Əli isə səssizcə içəri girib şahzadəni axtarmağa başlayır. Ətrafa göz gəzdirərkən divin yanında duran qəfəsdə şahzadəni görür. "Dostumu necə xilas edə bilərəm?" — deyə düşünür.
Nəhayət, ağlına bir fikir gəlir. Bütün cəsarətini toplayıb divin qarşısına çıxır:
— Salam... Sizə Xasiyyətcə Hövsələsiz Div deyirlər, elə deyilmi?
Div qəzəblə ona tərəf əyilib:
— Sən kimsən? Evimdə nə axtarırsan?
Div Əlini tutmaq üçün əlini uzadanda Əli tələsik deyir:
— Çox hörmətli div, sizə çox vacib bir xəbər gətirmişəm!
Div dayanıb qaşlarını çatdı:
— De görüm, nə xəbərdir?
Əli deyir:
— Meşədəki quyuda sizin kimi başqa bir div yaşayır. Deyir ki, quyu ona dar gəlir. Çölə çıxıb sizi məğlub edəcək, evinizi də alıb orada yaşayacaq.
Div bunu eşidəndə bərk qəzəblənib. Əlidən quyunun harada olduğunu soruşub və ona oranı göstərməyi əmr edib. Onlar yola düşürlər. Əli öndə, div isə arxada xeyli yol gedirlər və axırda bir quyunun yanına çatırlar.
Div qəzəblə quyunun içinə əyilir. Suda öz əksini görəndə qarşısında başqa bir divin dayandığını zənn edir. O, ucadan bağırır:
— Məni məğlub edəcəyini deyən sənsən? Cəsarətin varsa, gəl, görək kim güclüdür!
Səsi quyuda əks-səda verəndə elə bilib ki, quyudakı div da eyni sözlərlə ona meydan oxuyur. Daha da hirslənib özünü quyuya atır. İçəridə bir az sudan başqa heç nə olmadığını görəndə aldadıldığını anlayır. Quyudan çıxmağa çalışsa da, nə qədər çabalasa da, bacarmayır.
Əli isə qaça-qaça divin evinə qayıdır və şahzadə Muradı xilas edir. İki dost vaxt itirmədən saraya doğru yola düşürlər.
Padşah oğlunu sağ-salamat görəndə çox sevinib. Şahzadə Muradla Əli başlarına gələnləri ona danışır. Padşah Əlinin iradəsini, zəkasını, sədaqətini və cəsarətini yüksək qiymətləndirir, onu sarayın baş xidmətçisi təyin edib. Əli bu işin incəliklərini qısa müddətdə öyrənir və uzun illər vəzifəsini uğurla yerinə yetirir.
Anası da sevinclə deyir: "Mənim keçəl, qoçaq oğlum axır ki, özünə uyğun bir iş tapdı!"
Göydən üç alma düşür: biri nağılı danışanın, biri dinləyənlərin, biri də öz bacarıqlarını kəşf edib dəyərləndirənlərin.
Şirin yuxular!







