Biri varmış, uca dağların arxasında, yamyaşıl ağaclarla əhatə olunmuş sehrli bir vadidə Dino adlı balaca bir əjdaha yaşayırmış. Dino uçmağı və oynamağı çox sevirmiş, amma kitab oxumağa elə də maraq göstərmirmiş.
Günlərin bir günü yağış yağdığı üçün Dino dostları ilə çöldə oynaya bilməyib. Evdə dolaşarkən rəfin üstündəki köhnə, rəngli bir kitab diqqətini çəkib. Kitabı açanda orada uzaq ölkələrdən, danışan heyvanlardan və sirli meşələrdən bəhs edildiyini görüb. Oxumağa davam etdikcə marağı daha da artıb. Kitabın sonunda elə hiss edib ki, sanki heç vaxt getmədiyi yerləri gəzib. Beləcə, kitabların yalnız hərflərdən ibarət olmadığını, insanları və əjdahaları tamamilə yeni dünyalara apara bildiyini kəşf edib.
Erəsi gün Dino vadidəki sehrli kitabxanaya gedib. Müdrik Əjdaha kitabxanaçı ona kitab seçərkən mövzusunun yaşına uyğun olmasına və maraqlarını nəzərə almasına diqqət yetirməyi məsləhət görüb. Dino əvvəlcə heyvanlar haqqında bir kitab, sonra isə kosmos barədə rəngli bir kitab seçib. Hər gün müəyyən vaxtda kitab oxumağa başlayıb. Oxuduqca yeni sözlər öyrənib, maraqlandığı sualların cavablarını tapıb və təxəyyülü daha da inkişaf edib. Bir gün oxuduğu kitabda ulduzlar və planetlər haqqında məlumatlarla qarşılaşıb. Göy üzünə baxaraq öyrəndiklərini düşünərək öz-özünə deyib:
«Deməli, kitablar mənə bilmədiyim şeyləri öyrədir!»
Artıq kitab oxumaq onun üçün bir vəzifə deyil, zövqlə etdiyi gündəlik vərdişə çevrilib.
Günlər keçdikcə Dinonun kitaba sevgisi vadidəki dostlarına da yayılıb. Dostları onun yanına gəlib hansı kitabları oxuduğunu soruşurlarmış. Dino da onlara kitablardan öyrəndiyi maraqlı məlumatları danışırmış. Birlikdə kiçik bir oxu guşəsi hazırlayıblar və hər həftə yeni bir kitab seçiblər.
Dino kitab oxuduqca yalnız bilik əldə etmədiyini, həm də düşünməyi, xəyal qurmağı və yeni şeylər kəşf etməyi öyrəndiyini anlayıb. O gündən sonra balaca əjdaha hər gün kitabını açır, səhifələri maraqla çevirir və özünü yeni bir macəranın içində tapırmış. Beləcə, vadidə hamı bu fikri mənimsəyib: «Hər kitab yeni bir kəşfin qapısını açır.» Nağıl da burada bitib.







