Biri var idi, biri yox idi. Bir meşədə yaşayan dovşan və tısbağa var idi.
Ən sürətlə qaçan heyvanlardan birinin dovşan olduğunu hamınız bilirsiniz. Ən yavaş hərəkət edən, evini isə kürəyində daşıyan heyvanın tısbağa olduğu da hamıya məlumdur. Bəs bir qaçış yarışında tısbağanın dovşanı ötə biləcəyini bilirdinizmi?
Əhvalat belə olub.
Tısbağa bir gün dovşanı hirsləndirmək üçün ona dedi:
— Mənə elə gəlir ki, sənin hamıdan cəld qaçmağın barədə söhbətlər uydurmadır. Əminəm ki, səni yarışda ötə bilərəm.
Dovşan əvvəlcə qulaqlarına inanmadı. Tısbağanın sözlərini səhv eşitdiyini düşündü. Amma tısbağanın həqiqətən də onunla yarışmaq fikrində olduğunu görüb qəhqəhə ilə gülməyə başladı.
— Dəli olmusan? Mənimlə necə yarışa bilərsən? Məni ötə biləcəyinə necə inanırsan?
— Eləmi? Əgər qorxursansa, açıq-aşkar boynuna al. Yox, əgər məndən qorxmursansa, onda gəl yarışaq!
Dovşan tısbağanın şərtini qəbul etdi. Qaçış üçün yer seçdilər. Yarışın başlandığı start xəttində və bitdiyi finiş nöqtəsində müxtəlif heyvanlar dayandılar. Hamı bu yarışın necə qurtaracağını bilmək istəyirdi.
Baş hakim olan kirpi tikanlarını pırpızlaşdıraraq işarə verdi:
— Yarış başladı!
Ağır çanaqlı, əyri ayaqlı tısbağa var gücü ilə irəli atılsa da, onun təngnəfəs qaçışı elə yavaş idi ki, dovşan heç yerindən tərpənmədi.
— Sən bir az gəz hələ, mən iki addıma sənə çataram, — deyib dovşan çəmənlikdə qarnını doyurmağa başladı.
Bir müddət sonra dovşan yenidən tısbağaya nəzər yetirdi. Tısbağa inamla irəliləyirdi. Amma dovşanın olduğu yerə hələ çox yaxın idi.
— Mən indi qaçmağa başlasam, bu axmaq tısbağadan üç saat əvvəl yarışı bitirərəm. Qoy bir az yuxumu alım, — deyə düşündü.
Doğrudan da, uzanıb yuxuya getdi. Birdən hövlnak oyandı. Əvvəlcə harada olduğunu xatırlaya bilmədi. Sonra hər şey yadına düşdü. Həyəcanla tısbağaya baxdı. Tısbağa artıq finiş xəttinə çox yaxın idi.
Dovşan var gücü ilə qaçmağa başlasa da, yarışı uduzmaqdan qurtula bilmədi.
— Gördünmü? — tısbağa yorğunluqdan dərindən nəfəs alaraq dilləndi. — Mən hər söylənən sözün doğru olmadığını sübut etdim.
Tısbağa qaçış yarışında dovşana qalib gəldi.
Başqasına yuxarıdan aşağı baxmağın səbəb olduğu ağır məğlubiyyət dovşanı çox utandırdı. O, tısbağaya məğlub olmağı, yarışda uduzmağı qəbul edə bilməyib hamının gözündən uzaq bir yerə köçmək məcburiyyətində qaldı.
Öz gücünüzə həddindən artıq güvənməyin. Arxayınlığın sizə çox böyük zərər verəcəyini unutmayın!







