Bir kəndlinin bir uzunqulağı və bir öküzü vardı. Bütün ailə üzvləri kimi bu iki heyvan da torpaq şumlananda, yük daşınanda kəndliyə kömək edirdi.
Öküzə ağır işlərdə daha çox güc düşürdü. Kəndli torpağı eşşəyi ilə deyil, öküzü ilə şumlayırdı. Öküzü boyunduruğa bağlayar, sübh tezdən qaş qaralana qədər tarlalarda bir o tərəfə, bir bu tərəfə gedər, sərt torpağı şumlayar, sonra isə becərərdi.
Eşşəyi ilə həftədə bir gün qəsəbə bazarına gedərdi. Bazarda satacağı məhsulları səbətlərlə eşşəyə yükləyər, sonra da qəsəbədən duz, yağ, şəkər kimi məhsullar alaraq geri dönərdi. Beləcə, eşşək həftədə bir dəfə qəsəbəyə yük aparıb-gətirərdi.
Öküz eşşəyin bu rahat həyatına çox həsəd aparırdı. Axşamları tövlədə qarşılaşanda öküz yorğunluqdan zarıyır, az işlədiyinə görə eşşəyi danlayardı.
Yenə belə yorulduğu bir günün ardından öküz həyatından şikayət edərkən eşşəyin ağlına bir fikir gəldi:
– Bir məsləhətim var, dostum. Bir az sonra sahibimiz bizə saman gətirəcək. Sən heç bir şey yemə. Hətta ayaq üstə də durma. Samanların arasına çök, başını da yerə daya. Sənin xəstə olduğunu düşünəcək və sabah səni narahat etməyəcək.
Həqiqətən də, hər şey eşşəyin dediyi kimi oldu. Kəndli öküzün xəstə olduğunu düşünüb ertəsi gün onu tarlaya aparmadı. Amma işlər də yubanmamasın deyə eşşəyi özü ilə apardı.
– Öküz haqlıdır. Həqiqətən də, bu işin sonu görünmür, – eşşək düşünürdü. Uzunqulaq ürəyiyumşaq idi, öküzün bir gün dincəlməyinə etiraz etməyi ədalətsizlik sayırdı.
Axşam evə qayıdanda öküz hələ də yerdə yatırdı. Deyəsən, dincəlmək çox xoşuna gəlmişdi və bu oyunu davam etdirmək fikrində idi.
Beləcə, uzunqulaq üç gün öküzün yerinə tarlada işləməli oldu. Nəhayət, bir gün evə qayıdanda öküzə belə söylədi:
– Mənə bax, dostum, əlbəttə ki, bu mənim işim deyil, amma bu gün eşitdiyim bir şeyi sənə demək istəyirəm. Bəlkə, fikrini dəyişərsən: bu gün sahibimiz tarla qonşusu ilə söhbət edirdi. Bilirsən, ona nə dedi? Sahibimiz dedi ki, bizim miskin öküz sabaha qədər yaxşılaşmasa, onu kəsib ətini satacağam, çünki başqa cür ondan xeyir görmürəm. Bax, mən sənə dedim, sən də işini bil.
Öküz qorxudan elə böyürdü və elə gurultu ilə yerindən sıçradı ki, kəndli tövlədəki səs-küyə gəldi. Öküzünü ayaq üstə görəndə çox sevindi. Ertəsi gün öküz həvəslə tarlaya yollandı.
O gündən sonra öküz daha işləməkdən şikayətlənmədi.







