Uzaq və qalın meşələrin birində balaca bir daxma vardı. Bu daxmada pişiklə sərçə Qoçaq və balaca oğlan Cuppulu birlikdə yaşayırdılar.
Pişiklə sərçə ova gedəndə Cuppulu evdə qalır, daxmanı təmizləyir, nahar hazırlayır, süfrəni açıb sərçə ilə pişiyin yolunu gözləyirdi.
Şələquyruq tülkü eşitmişdi ki, pişiklə sərçə ova gedəndə Cuppulu evdə tək qalır. Tülkü çoxdan istəyirdi ki, Cuppulunu dişinin altına salıb çeynəsin. Ona görə də daxmanı güdməyə başladı.
Pişiklə sərçə ova gedəndə həmişə Cuppuluya tapşırırdılar ki, qapını arxadan möhkəm bağlasın. Cuppulu da hər dəfə qapını arxadan möhkəm bağlayırdı, ancaq bir dəfə qapını bağlamaq onun yadından çıxdı...
Cuppulu işlərini görüb qurtarandan sonra pilləkəndən səs eşitdi. Baxanda tülkünün gəldiyini gördü. Çox qorxdu, tez sobanın içinə girib bir küncdə gizləndi.
Tülkü sobaya tərəf yüyürdü, pəncəsini sobanın içinə salıb Cuppulunu dartıb oradan çıxartdı, belinə atıb evinə apardı.
Evə çatan kimi sobanı yandırdı ki, Cuppulunu bişirib yesin. Soba yaxşıca isinəndən sonra kürəyi əlinə alıb Cuppuluya dedi:
– Otur kürəyin üstündə!
Cuppulu balaca olsa da, çoxbilmişin biri idi. Tez kürəyin üstündə oturdu, ancaq əl-ayağını araladı ki, sobaya yerləşməsin.
– Sən düz oturmamısan, – şirin dilini işə salan tülkü dedi.
Cuppulu cavab verdi:
– Mən başqa cür otura bilmirəm, xala can, necə oturmaq lazım olduğunu mənə göstər, mən də elə oturum.
Tülkü tez kürəyin üstünə hoppanıb büzüşdü. Cuppulu da elə bunu gözləyirdi. Cəld tülkünü sobaya salıb ağzını da bağladı, özü isə tez evə qaçdı.
Evdə isə pişiklə sərçə qəm-qüssə içində qalmışdılar. Birdən pilləkəndən Cuppulunun addım səsini eşitdilər. Cuppulu qışqıraraq daxmaya girdi:
– Bu da mən!
Pişiklə sərçə çox sevindilər. Onlar Cuppulunu qucaqladılar, sonra da əl-ələ verib atılıb-düşdülər.







