Keçmiş zamanlarda bir kasıb kişi yaşayırdı. Onun bir acıdil arvadı, iki qızı vardı. Qızların biri doğma, o biri isə ögey idi. Ögey qız çox tənbəl idi, doğma qızı Zoluşka isə xeyirxah və qoçaq idi. Axşama kimi döşəməni silir, paltar yuyur və yemək hazırlayırdı. Ögey ana və qızı isə güzgünün qabağında bəzənib-düzənir, Zoluşkaya göz verib işıq vermirdilər.
Bir gün şahın carçısı hamıya elan etdi:
— Şahzadə evlənmək istəyir, bu münasibətlə şənlik düzəldir ki, özünə gəlin seçsin. Hamını bu şənliyə dəvət edir!
Ögey ana ilə qızı o saat bəzənməyə başladılar. Zoluşka xahiş etdi ki, onu da aparsınlar. Ögey ana dedi:
— Sənin orada nə işin var? Evdə o qədər iş-güc var ki, otur işini gör.
Ögey ana qızı ilə şənliyə getdi.
Zoluşka pilləkənin üstündə oturub yanıqlı-yanıqlı ağlamağa başladı.
Birdən bir pəri peyda oldu və onu sakitləşdirməyə çalışdı:
— Ağlama, Zoluşka, mən sənə kömək edərəm!
Pəri sehrli çubuğunu fırlatdı, o saat Zoluşkanın əynində gözəl bir paltar, ayaqlarında isə billur ayaqqabılar oldu.
Pəri çubuğu yenə də fırlatdı, bu dəfə gözəl atlar qoşulmuş bir kareta hazır oldu.
— Get, Zoluşka, sən də şənlən, ancaq yadında saxla, gecənin yarısında bu gözəl paltar da, atlar da, kareta da olmayacaq.
Zoluşka saraya daxil olan kimi şahzadə onu gördü və vuruldu. Bütün gecəni onlar rəqs etdilər, şənləndilər və şahzadə qəti qərara gəldi ki, istədiyi qız elə budur. Ögey ana ilə qızının isə heç nədən xəbərləri olmadı.
Birdən gecənin yarısını bildirən saatın səsi eşidildi. Pərinin sözləri Zoluşkanın yadına düşdü və o, saraydan qaçmağa başladı. Elə tələsirdi ki, ayaqqabısının bir tayının düşüb orada qalmasından xəbəri olmadı.
Şahzadə həyəcan içində idi, çünki o, təzə tanışının adını belə soruşmamışdı. Pilləkənin üstündən qızın tək bir ayaqqabısını tapmışdı.
O zaman şahzadə belə qərara gəldi ki, bu ayaqqabını bütün gənc qızlara geyindirsinlər, kimin ayağına olsa, onunla evlənəcək. Şahın adamları belə də etdilər.
Beləliklə, onlar Zoluşkagilin həyətinə də çatdılar. Ögey qız çox əlləşdi ki, ayaqqabını geyinsin, amma mümkün olmadı. Bu zaman Zoluşka həyətə çıxdı, ayaqqabını götürüb geyindi. Ayaqqabı onun ayağına oldu.
Şahzadə Zoluşka ilə özünə gözəl bir toy etdi, pərini də toya dəvət etdilər.
Onlar uzun və gözəl bir ömür yaşadılar. Ögey ana ilə qızı isə acıqlarından çatlayırdılar.







