Biri var idi, biri yox idi, kasıb bir odunçu var idi. O, yoxsul bir daxmada yaşayırdı. Arvadı gənc ikən ölmüşdü, bir qızı, bir oğlu qalmışdı. Oğlunun adı Vəli, qızının adı isə Zeynəb idi.
Çox keçmədi ki, odunçu evləndi. Ögey ana çox qəddar və bədxasiyyət idi. O, uşaqları heç sevmirdi.
Məmləkətdə dəhşətli bir aclıq baş verdi. Odunçunun vəziyyəti daha da pisləşdi.
Bunu görən ögey ana odunçuya dedi:
— Gəl bu uşaqları apar, meşədə azdır, heç olmasa, iki yeyənimiz az olar.
Ögey ana kişinin baş-beynini yeməyə başladı. O qədər dedi-dedi, axırda onu razı saldı. Uşaqlar da hər şeyi eşidirdilər.
Səhər tezdən ögey ana onları oyadıb meşəyə apardı. Vəli çox ağıllı uşaq idi. Gecə həyətindən çoxlu sayda balaca daşlar yığmışdı. Ögey ananın bundan xəbəri yox idi. Vəli düşündü ki, yol gedə-gedə daşları atsın, geri qayıdanda yolu azmasınlar.
Ögey ana onları meşənin dərinliyinə apardı və orada qoyub qayıtdı. Ancaq o yanılmışdı, tezliklə Vəli və Zeynəb yolda tökdükləri daşlar sayəsində evə qayıtdılar.
Ögey ana çox əsəbiləşdi. O biri gün uşaqları lap uzaqlara aparıb azdırdı. Bu dəfə Vəlinin daşları yox idi, ona görə də əlindəki çörəkdən xırda-xırda qırıb yola atmağa başladı. Ancaq çörəkləri quşlar yediyindən yazıq uşaqlar yolu itirdilər və geri qayıda bilmədilər.
Üç gün, üç gecə meşədə yol getdilər və gəlib bir düzənliyə çatdılar. Onların qarşısına bir evcik çıxdı. Bu evcik şirniyyatdan tikilmişdi. Onun divarları şirin çörəklərdən, naxışları mürəbbədən, damı isə şokoladdan idi.
Ac uşaqlar evciyin üstünə cumdular və şirniyyatdan qoparıb yeməyə başladılar.
Birdən qapının ağzından bir səs eşidildi:
— Kimdir mənim evciyimi yeyən? İçəri gəlin, mən sizə qonaqlıq verərəm!
Uşaqlar evə daxil oldular. Burada donqar, pırpızbaş, mırıq bir cadugərə rast gəldilər. O, uşaqları tutub zirzəmiyə saldı və dedi:
— Sizi yaxşı yedizdirib kökəldəcəyəm, sonra isə yeyəcəyəm!
Cadugər qarı ləzzətlə əllərini bir-birinə vurdu.
Bir həftənin içində Vəli şirniyyatdan yeyib kökəldi. Qarı başa düşdü ki, onu bişirməyin vaxtıdır.
O, sobanı qalayıb Zeynəbə dedi:
— Əyil, sobanın içinə odun qoy və bax gör yaxşı qızıb?
Qız dedi:
— Axı mən bacarmıram, siz mənə göstərin, sonra mən sizin dediklərinizi edərəm.
Cadugər dedi:
— Yaxşı bax, bu çox sadədir!
Bunu deyib cadugər əyildi ki, sobanın içinə odun qoysun. Zeynəb də elə bunu gözləyirdi! O, saat itələyib qarı sobanın içinə saldı, ağzını bağladı və qardaşını xilas etdi.
Evcəyin içi qiymətli daş-qaşla dolu idi. Onlar daş-qaşları ciblərinə doldurub yola düzəldilər. Cadugər sobanın içində yandı, meşə tilsimdən xilas oldu. Vəli və Zeynəb bir qədər axtardıqdan sonra yolu tapıb evlərinə döndülər.
Ögey ana artıq aclıqdan ölmüşdü. Yazıq ataları isə əldən düşmüşdü və gecə-gündüz ağlayıb balalarının yolunu gözləyirdi. Onları görəndə ata nə qədər sevindi! Uşaqların gətirdikləri qiymətli daş-qaşları görəndə isə heyrətdən bilmədi, nə etsin! O gündən onlar varlandılar və xoşbəxt yaşamağa başladılar.
Şirniyyatdan tikilmiş evciyi isə bəlkə də, quşlar yedilər. Bəlkə də, o evcik meşənin içərisində hələ də durur! Nə bilmək olar.







