Axır ki, vədə tamam oldu və sərçə yuvasındakı yumurtalardan kiçik sərçə balaları bir-bir çıxmağa başladı. Ana sərçə çox sevinirdi. O, balalarını bəsləyir, onları qanadlarının altında isidib böyüdürdü. Bir müddət sonra balaların qanadlarında tüklər çıxmağa başladı. Artıq uçmağı öyrənə biləcəkdilər.
Ana sərçə balalarına qanadlarından necə istifadə edəcəklərini, enərkən və ya qalxarkən quyruqlarını necə çevirməli olduqlarını yorulmadan bir-bir öyrədirdi. Balalar çox ağıllı idi. Analarının göstərdiyi hər şeyi çox tez qavrayırdılar. Amma beş balanın ən kiçiyi digərlərindən daha ağıllı və bacarıqlı idi. Bu səbəbdən də çox cəsarətli idi. Hər gün daha uzağa gedir və gördüklərini o biri balalara xəbər verirdi.
Bir gün bir kəpənəyin dalınca uçarkən əvvəllər olmadığı bir yerə gəlib çıxdı. Ətrafda heç nə ona tanış gəlmirdi, evə qayıtmaq üçün hansı istiqamətə uçacağını bilmirdi. Çox qorxmuşdu. Balaca ürəyi az qala yerindən çıxacaqdı. Bütün gücü tükənənə qədər sağa-sola uçaraq yuvasını axtarırdı. Amma axşama doğru artıq qanad çalmağa gücü qalmadı. İncə ayaqlarının üstündə yerdə qaçırdı. Birdən qarşısına çöl ördəyi çıxdı.
— Məni yuvana qəbul edərsənmi? — sərçəcik soruşdu.
— Əlbəttə, qəbul edərəm, vak-vaak.
— Amma mən sənin kimi qışqıra bilmirəm. Mən sadəcə cik-cik edə bilirəm.
— Onda səni yuvama götürə bilməyəcəyəm, vak-vaak.
Kiçik sərçə qaçmağa davam etdi. Bir az sonra bir göyərçinə rast gəldi.
— Çox üşüyürəm. Məni qanadlarının altında bir az isidərsənmi?
— Əlbəttə, böyük məmnuniyyətlə, quk-quuk, — göyərçin quruldadı.
— Amma mən sənin kimi danışa bilmirəm, cik-cik.
— O zaman səni isidə bilmərəm!
Sərçə yenidən qaçmağa başladı. Qarşısına bir bayquş çıxdı:
— Çox acmışam. Mənə yeməyə bir şey verə bilərsənmi?
— Əlbəttə, verərəm, hu-hu.
— Amma mən sənin kimi oxuya bilmirəm, mən ancaq "cik-cik" deyə bilirəm.
— O zaman sənə yemək verə bilmərəm. Məndən incimə.
Artıq hava qaralmışdı. Balaca sərçə çox acmışdı. Həm soyuqdan, həm də aclıqdan tir-tir əsirdi. Qaranlıqda qarşısında dayanan bir quş gördü. Sərçəcik titrək səslə dilləndi:
— Əziz quş, məni yuvana qəbul edərsənmi? Mənə yemək verərsənmi? Çox yorulmuşam. Mən bala sərçəyəm, sadəcə "cik-cik" deyə bilirəm...
— Əlbəttə, səni yuvama götürərəm, qarnını doyuraram, səni isidərəm və qoruyaram. Mən sənin ananam. Bütün günü səni axtarırdım, cik-cik!
Ana sərçə balasını yuvaya apardı. Qarnını doyurdu, qanadlarının altında isidib səhərə qədər oxşadı.







