Mokakids.az

Macar nağılı

~5 dəqiqə oxuSəsli nağıl4 noyabr 2026

Moka Land ailəvi əyləncə mərkəzi

Mən kiçik olanda quş ovlamağı çox sevən nadinc bir uşaq idim. Bağçalarda quşların dalınca qaçar, onları tutmağa çalışar, yuvalarından yumurta oğurlayardım. Bir dəfə bağçada bir ağacın budağında o günə qədər rast gəlmədiyim bir quş gördüm. Mən yaxınlaşanda quş uçdu, amma, təbii ki, onun durduğu yerdə yuvasının olub-olmaması ilə maraqlandım. Yuvası yox idi, ancaq ağacın gövdəsində bir koğuş vardı.

Əlim koğuşa yerləşmirdi. İçəridə nə olduğu ilə də çox maraqlanırdım. Evə qaçıb atamın sevdiyi bıçağı götürdüm. Koğuşun ətrafını oyaraq, əlimi içəri soxmaq üçün kifayət qədər genişləndirmək istədim. Ağacın gövdəsi bərk idi və bıçaqla çətin oyulurdu. Birdən bıçaq əlimdən sürüşüb deşiyin içinə düşdü.

Bıçağı itirdiyim üçün çox qorxdum. Çünki atam axşam evə gələndə bıçağın itdiyini bilib qəzəblənəcəkdi. Bıçağı koğuşdan çıxartmağa çalışsam da, əlim bıçağa çatmırdı. Evə də gedə bilməzdim. Axşam atam nə deyərdi? Qaçmağa qərar verdim. Ətrafda dolaşmağa başladım. Evdən uzaqlaşdım, amma nə edəcəyimi, hara gedəcəyimi bilmirdim. Bir az sonra hava da qaralmağa başladı. Acından qarnım quruldayırdı, üşüyürdüm və qaranlıqdan da qorxurdum. Vəhşi heyvanlardan qorunmaq məqsədilə bir ağaca çıxıb orada gecələmək istədim. Gecəyarısına doğru səslər eşitdim. Aşağı boylananda gözlərimə inanmadım! On iki quldur bir ağacın altına toplanıb ocaq qalayırdı. Böyük bir qoyunu kəsib özləri üçün ziyafət təşkil etmişdilər. Kiçik bir çəlləkdə şərabları vardı. İçir, gülür, təhqiramiz sözlər deyir və həyata keçirdikləri soyğunlardan danışırdılar.

Çox qorxmuşdum. Məni görməsinlər deyə nəfəs almağa belə çəkinirdim. Amma qəflətən öskürək tutdu... Nə qədər çalışsam da, özümü saxlaya bilmədim. Səsimi eşidəndə məni gördülər və yaxamdan tutub aşağı düşürdülər.

On iki quldur məni dövrəyə aldı. Onlardan biri dərhal dedi:

– Bu oğlanı öldürək. Bizim bütün sözlərimizi eşidib.

Daha yaşlı olanı isə etiraz etdi:

– Mənim daha gözəl fikrim var. Gəlin, səhərə qədər gözləyək, bu çəlləkdəki şərab bitəndə oğlanı onun içində gizlədək.

Bir azdan quldurların şərabı qurtardı və məni çəlləyin içinə qoydular. Mən həm soyuqdan, həm də qorxudan tir-tir əsirdim. Onlar isə çoxdan sərxoş olmuşdular. Bir müddət sonra sür-sümüyün iyinə bir tülkü peyda oldu. Sümükləri gəmirən tülkü oralarda dolaşarkən birdən onun quyruğu çəlləyin deşiyindən içəri keçdi. Mən də dərhal quyruqdan yapışdım.

Təlaşa düşən tülkü cəld qaçmağa başladı. Mən heç quyruğu buraxardım? Tülkü düz bizim evin olduğu istiqamətə qaçırdı. Evimizin qarşısında tülkünün quyruğunu buraxdım. Çəllək yuvarlana-yuvarlana evimizin divarına çırpıldı və parça-parça oldu. Mən də düz evin qapısının qarşısına yıxıldım.

Qapını açan anam məni görən kimi heyrətləndi, kəndlilərlə birlikdə məni axtardığını söylədi.

Çəllək evimizə qədər yuvarlanmasaydı, atam hələ də məni axtarırdı.

Bıçağını itirdiyim üçün atamdan üzr istədim. O gündən sonra heç vaxt quşları incitmədim.

Pinqvin Puçi

Bir nağıl seç, qulaq as və yuxuya get ⭐️

Bütün nağıllar

Mobil tətbiq

Bütün MOKA dünyası bir toxunuş uzaqlıqda

  • Uşağın oyun vaxtı canlı ekranda
  • Bonus xallar: 5 gəliş — pulsuz içki, 10 gəliş — pulsuz giriş
  • Bütün filiallar bir tətbiqdə
Google PlayApp Store
Moka Kids tətbiqi