Mokakids.az

~5 dəqiqə oxuSəsli nağıl12 oktyabr 2026

Keçmiş zamanlarda bir padşah öz xanımı ilə yaşayırdı. Onlar çox xoşbəxt idilər. Lakin bircə dərdləri var idi: övladları olmurdu. Onlar artıq ümidlərini itirmişdilər ki, bir qız övladları dünyaya gəldi. Bu şad xəbər bütün saraya yayıldı. Qonaqlar axın-axın saraya gəldilər. Hamısı balaca şahzadə qızı görmək, xoşbəxt ata-anaya gözaydınlığı vermək istəyirdi. Şahzadə qıza qulluq etmək üçün saraya yeddi balaca pəri dəvət edilmişdi.

Lakin qoca bir pərini yaddan çıxarmışdılar. Bu qoca və acıqlı pəri öz evindən bayıra çıxmadığından hamı elə bilirdi ki, o, çoxdan ölüb. Qoca və acıqlı pəri dəvət olunmadığına görə çox əsəbiləşmişdi. Eşitdi ki, hamı balaca şahzadəyə hədiyyə vermək üçün saraya gedir. O da saraya gəldi, amma pis niyyətlə. Gözləyirdi ki, hamı balaca şahzadə qıza öz hədiyyəsini versin. Axırda növbə ona çatdı. Qoca və acıqlı pəri uşağın çarpayısına yaxınlaşdı və qışqırdı:

— Bu şahzadə qız on beş yaşına çatanda əlini iynə ilə yaralayacaq və öləcək!

Hamı dəhşətdən quruyub qaldı. Ancaq qonaqların içərisində olan gənc bir pəri hələ uşağa öz hədiyyəsini verməmişdi. O, şahzadə qıza yaxınlaşıb sakitcə dedi:

— Balaca şahzadə qız ölməyəcək, amma yüz il yuxuda olacaq. Onu bu yuxudan gənc bir şahzadə oğlan oyadacaq.

Padşah və xanımı çox qəmgin oldular. Bütün gözətçilərə əmr etdilər ki, balaca şahzadə qızı hər şeydən qorusunlar. Saraydan bütün iynələri yığışdırdılar.

Günlər beləcə keçdi. Balaca şahzadə qız böyüdü və on beş yaşına çatdı. Bir gün o, qulluqçuları ilə sarayın yanındakı çəmənliyə gəzməyə çıxmışdı. Şahzadə qız çəmənlikdə çiçək toplayarkən qulluqçulardan aralandı. Gəzə-gəzə gəlib köhnə bir komaya çıxdı. Komanın içərisində qoca bir qarının yaşadığını gördü. Qarı əlində corab toxuyurdu və heç nə eşitmirdi. Şahzadə qızın gəldiyini də görmədi.

— Əlindəki nədir? — deyə şahzadə qız qarıya yaxınlaşdı. Qarının əlindəki iynəyə toxunan kimi iynə onun barmağına batdı. Şahzadə qız yerə yıxıldı və yuxuya getdi.

Bu xəbəri eşidən padşah çox qəmgin oldu və yatmış qızın saraya gətirilməsini əmr etdi. Gənc pəri şahzadənin anasının çox əziyyət çəkdiyini gördü. Buna görə də əlindəki sehrli çubuğu havada fırlatdı və saraydakıların hamısı yüz il yuxuya getdi.

Gənc pəri dedi:

— Ona görə belə edirəm ki, şahzadə qız ayılanda darıxmasın.

Sarayda yaşayan insanlar, sarayın həyətindəki atlar, bağçadakı quşlar, hətta sarayda yanan ocaq belə dərin yuxuya getdi. Bütün ağaclar və kollar budaqlarını birləşdirdilər və yad gözlərdən qorumaq üçün sarayın qapısının üstünü örtdülər.

Yüz il keçdi. Bir yay səhərində bu qədim saraya yaraşıqlı bir şahzadə oğlan yaxınlaşdı. O, sarayı uzaqdan görmüşdü və mütləq içəri daxil olmaq istəyirdi. Şahzadə oğlan yaxınlaşan kimi ağaclar və kollar aralandı, ona yol verdilər. Köhnə darvazalar açıldı və şahzadə oğlan içəri daxil oldu.

Şahzadə oğlan yerində donub qaldı. Hər şey sanki əbədi yuxuya getmişdi: insanlar da, heyvanlar da, hətta yanan ocaq da yatmışdı. Elə bil külək də burada ölüm yuxusuna getmişdi.

Gənc şahzadə sarayın bütün otaqlarını gəzdi, bütün yataqlara baxdı və nəhayət, şahın qızının yatdığı otağa girdi.

Şahzadə qız elə gözəl idi ki, gənc oğlan bu gözəllik qarşısında dayana bilmədi. Diz çöküb onu öpdü. Elə həmin an şahzadə qız gözlərini açdı və bütün saraydakılar da oyandılar. İtlər hürüşdü, atlar kişnədi, ocaqlar yenidən alovlandı. Saray əhli öz işinə başladı, göyərçinlər isə damın üstündə səs-səsə verib sevinclə oxumağa başladılar.

Şahzadə qız və şahzadə oğlan isə heç nə görmür, heç nə eşitmirdilər. Onlar bir-birinə baxıb heyran qalmışdılar.

Pinqvin Puçi

Bir nağıl seç, qulaq as və yuxuya get ⭐️

Bütün nağıllar

Bu bölmədən daha çox

Mobil tətbiq

Bütün MOKA dünyası bir toxunuş uzaqlıqda

  • Uşağın oyun vaxtı canlı ekranda
  • Bonus xallar: 5 gəliş — pulsuz içki, 10 gəliş — pulsuz giriş
  • Bütün filiallar bir tətbiqdə
Google PlayApp Store
Moka Kids tətbiqi