Əlaqə
Menyunu aç Menyunu bağla
Rapunsel
3–6 yaş Məktəbəqədər nağıllar

Rapunsel

Qrimm qardaşlarının “Rapunsel” nağılı gözəl və axıcı dillə təqdim olunur. Qüllədə məhbus olan şahzadə Rapunsel öz şahzadəsini gözləyir... Qızlar Rapunselin nağılını oxumağı çox sevirlər, çünki bu, xoşbəxt sonluqla bitən son dərəcə gözəl bir hekayədir.

~8 dəqiqə oxu Səsli nağıl
0:00 0:00

Uzaqlarda, bir padşahlıqda bir ər-arvad yaşayırdı. Onlar uzun illər idi ki, övlad sahibi olmaq istəyirdilər. Nəhayət, qadın ana olacağını öyrəndi.

Evlərinin arxa tərəfində balaca bir pəncərə vardı. Bu pəncərədən ən gözəl çiçəklər və bitkilərlə dolu möhtəşəm bir bağ görünürdü.

Ancaq bağın ətrafına hündür divar çəkilmişdi. Heç kim ora girməyə cəsarət etmirdi, çünki bağ qüdrətli bir sehrbaza məxsus idi. Hamı ondan qorxur və uzaq dururdu.

Bir gün qadın pəncərənin qarşısında dayanıb bağa baxarkən gözəl zəngçiçəklərin bitdiyi bir lək gördü. Çiçəklər o qədər təravətli və gözəl idi ki, qadının gözləri parıldadı. Onların soğanaqlarından hazırlanmış salatdan yemək üçün qarşısıalınmaz bir istək duydu.

Bu istək gündən-günə artırdı. Qadın həmin bitkiləri əldə edə bilməyəcəyini bildiyindən ruhdan düşdü, rəngi soldu və kədərləndi.

Əri onun halını görüb təşvişə düşdü və soruşdu:

— Sənə nə olub, əzizim?

— Ah! — qadın cavab verdi. — Evimizin arxasındakı bağda bitən zəngçiçəklərin soğanaqlarından salat yeməsəm, yaşaya bilməyəcəyəm.

Arvadını çox sevən kişi öz-özünə dedi: “Nəyin bahasına olursa olsun, o soğanaqları tapıb gətirəcəyəm”.

Axşam alaqaranlığında o, divarı aşıb sehrbazın bağına girdi. Tələsik bir ovuc soğanaq qazıb çıxardı və arvadına gətirdi. Qadın dərhal salat hazırladı və böyük ləzzətlə yedi.

Ancaq salat onun o qədər xoşuna gəldi ki, ertəsi gün yenə yemək istədi. Arvadını sakitləşdirmək üçün kişi bir daha bağa getməli oldu.

Axşam alaqaranlığında yenə divarı aşıb bağa düşdü. Lakin bu dəfə qarşısında sehrbazı görəndə bərk qorxdu.

— Sən mənim bağıma girməyə necə cəsarət edirsən?! — sehrbaz ona qəzəblə baxaraq dedi. — Bu əməlini cəzasız qoymayacağam!

— Ah, mənə rəhm edin! — kişi yalvardı. — Arvadım pəncərədən sizin zəngçiçəklərinizi görüb. Onlardan salat yeməyi elə çox istəyir ki, gündən-günə gücdən düşür, rəngi solur.

Sehrbaz ona diqqətlə baxıb dedi:

— Əgər dediklərin doğrudursa, istədiyin qədər soğanaq götürməyə icazə verərəm. Amma bir şərtlə: arvadının dünyaya gətirəcəyi uşağı mənə verməlisən. Yanımda ona yaxşı olacaq. Ona doğma anası kimi qayğı göstərəcəyəm.

Kişi qorxusundan hər şeyə razılaşdı. Arvadı bir qız dünyaya gətirəndə sehrbaz dərhal gəldi, uşağa Rapunsel adını verdi və onu özü ilə apardı. Qədim sehrbazların dilində bu ad “Zəngçiçəyi” demək idi.

Rapunsel çox gözəl bir qız idi. Onun on iki yaşı tamam olanda sehrbaz onu meşənin ortasındakı bir qülləyə saldı. Qüllənin nə qapısı, nə də pilləkəni vardı. Yalnız lap yuxarıda balaca bir pəncərə görünürdü.

Sehrbaz qülləyə qalxmaq istəyəndə aşağıda dayanıb səslənirdi:

Rapunsel, pəncərəyə gəl,
Hörüklərini aşağı sal!

Qızın qızılı ipək kimi incə, heyrətamiz saçları vardı. Sehrbazın səsini eşidəndə hörüklərini açır, saçlarını pəncərənin qarmağına dolayıb aşağı sallayırdı. Saçları qızılı bir dalğa kimi yerə uzanır, sehrbaz da onlardan tutub yuxarı qalxırdı.

Təxminən iki il sonra bir gün şahzadənin yolu həmin meşədən keçdi. O, qüllənin yanından ötərkən çox gözəl bir nəğmə eşitdi. Səs o qədər məlahətli idi ki, şahzadə dayanıb qulaq asmağa başladı.

Oxuyan Rapunsel idi. O, tənhalıqda vaxtını keçirmək üçün şirin səsi ilə nəğmələr söyləyirdi.

Şahzadə qülləyə qalxmaq istədi və giriş axtardı. Amma heç bir qapı tapa bilmədi.

O, evinə qayıtdı. Lakin eşitdiyi nəğmə ürəyinə elə təsir etmişdi ki, hər gün meşəyə gəlir və həmin səsi dinləyirdi.

Bir gün şahzadə qüllənin yaxınlığında, ağacın arxasında gizlənmişdi. Sehrbazın gəldiyini gördü və onun səsləndiyini eşitdi:

Rapunsel, pəncərəyə gəl,
Hörüklərini aşağı sal!

Qız hörüklərini aşağı salladı, sehrbaz da onlardan tutub qülləyə qalxdı.

“Deməli, qülləyə belə qalxırlar, — şahzadə düşündü. — Mən də bəxtimi sınayaram”.

Ertəsi gün hava qaralanda o, qülləyə yaxınlaşıb səsləndi:

Rapunsel, pəncərəyə gəl,
Hörüklərini aşağı sal!

Hörüklər dərhal aşağı sallandı və şahzadə onlardan tutaraq yuxarı qalxdı.

Rapunsel əvvəlcə çox qorxdu. Axı o, indiyədək heç bir kişi görməmişdi!

Ancaq şahzadə onunla mehriban danışdı. Qızın nəğməsinin ürəyini necə riqqətə gətirdiyini, onu görənədək rahatlıq tapa bilmədiyini söylədi.

Bundan sonra Rapunselin qorxusu keçdi. Şahzadə onunla evlənmək istəyib-istəmədiyini soruşanda qız qarşısındakı gəncin yaraşıqlı və mehriban olduğunu gördü. Öz-özünə düşündü: “O məni qoca sehrbazdan daha çox sevəcək”.

Rapunsel razılıq verib əlini şahzadəyə uzatdı.

— Mən səninlə gedərəm, — dedi. — Amma buradan necə enəcəyimi bilmirəm. Hər dəfə yanıma gələndə bir az ipək sap gətir. Mən onlardan nərdivan hörərəm. Nərdivan hazır olanda aşağı enərəm, sən də məni özünlə apararsan.

Onlar razılaşdılar ki, şahzadə hər axşam qızın yanına gəlsin. Çünki sehrbaz səhərlər gəlirdi.

Sehrbaz heç nədən şübhələnmirdi. Lakin bir gün Rapunsel ondan soruşdu:

— Anacan, deyin görüm, sizi qülləyə qaldırmaq niyə gənc şahzadəni qaldırmaqdan daha çətindir? O, bir göz qırpımında burada olur!

— Ay nankor! — sehrbaz qışqırdı. — Mən nə eşidirəm?! Elə bilirdim, səni hamının gözündən gizlətmişəm. Sən isə məni aldatmısan!

Qəzəblənən sehrbaz qızın gözəl saçlarından yapışdı. Onları sol əlinə iki dəfə doladı, sağ əlinə isə qayçı götürdü. Bir-iki hərəkətlə saçları kəsdi və gözəl hörüklər ayaqlarının altına düşdü.

Sonra sehrbaz yazıq qızı uzaq, kimsəsiz bir səhraya apardı. Rapunsel orada kədər və yoxsulluq içində yaşamalı oldu.

Həmin gün axşam sehrbaz kəsdiyi hörükləri pəncərənin qarmağına bərkitdi. Şahzadə gəlib yenə səsləndi:

Rapunsel, pəncərəyə gəl,
Hörüklərini aşağı sal!

Sehrbaz hörükləri aşağı salladı. Şahzadə yuxarı qalxdı, amma orada sevdiyi qızın əvəzinə ona qəzəblə baxan sehrbazı gördü.

— Həə! — sehrbaz istehza ilə dedi. — Sevgilinin dalınca gəlmisən? Amma onu bir daha heç vaxt görməyəcəksən!

Şahzadə ümidsizlikdən özünü itirdi. Qüllədən uzaqlaşıb sıx meşələrdə dolaşmağa başladı. O, yoxsulluq və çətinlik içində yaşayır, sevdiyi qızın ayrılığına ağlayırdı.

Bir gün səhranın yaxınlığında ürəyinə çox doğma olan bir səs eşitdi və düz həmin səsə tərəf getdi. Yaxınlaşanda Rapunsel onu tanıdı və göz yaşları içində boynuna sarıldı.

Şahzadə Rapunseli öz padşahlığına apardı. Hamı onları sevinclə qarşıladı və onlar uzun illər xoşbəxt yaşadılar.

Pinqvin Puçi Səsi aç və rahat otur — nağıl başlayır 🎧

Bəyəndin? Növbəti nağıl hazırdır

Puçi hər həftə yeni nağıl seçir — bölmələrə bax və sevimlini tap.

Bütün nağıllar

Eyni kateqoriyadan digər nağıllar

Övladınız üçün audio və video nağıllar. Təsəvvürü inkişaf etdirir və yaxşılığa öyrədir.

Mobil tətbiq

Bütün MOKA dünyası bir toxunuş uzaqlıqda

Mobil tətbiq