Mokakids.az

Bir dəfə Ucal pəncərənin qabağında oturub fikirləşirdi ki, nə yaxşı ki, onun Kamal, Lalə, Quşcuğaz və Toppuş kimi dostları var!.. Onlar necə də fərqlidirlər, bir-birlərinə heç oxşamırlar. Beləcə, o, fikirləşdi və birdən ağlına əla bir ideya gəldi.

Özündən razı halda pəncərənin qırağından düşdü və masanın üstündəki kağıza nəsə yazıb ondan təyyarə düzəltdi.

Uşaqlar skamyada oturub fikirləşirdilər ki, hansı oyunu oynasınlar. Bir də gördülər ki, Ucalın düzəltdiyi kağız təyyarə Niquşun başına qondu. Uşaqlar tələsik kağızı açdılar. Üstündə qırmızı mürəkkəblə yazılmışdı: "Bu gündən biz Amerika çöllərinin döyüşçü tayfasıyıq".

Bir neçə dəqiqədən sonra döyüşçü tayfası hazır oldu. Uşaqlar qərara gəldilər ki, əvvəlcə hər bir döyüşçü ağıl və igidlik sınağından keçməlidir. Özü də sınaq Toppuşun yuvasının yanında keçiriləcək. Yuva isə mağara rolunu oynayacaq. Guya orada qorxulu Bizon gizlənir.

Püşk birinci Ucala düşdü. O, lələklərdən hazırlanmış baş örtüyünü geyindi, yay və oxlarla silahlandı və əsl hindiyə oxşadı.

— Adın nədir, qırmızıdərili qardaşım? — Kamal təntənəli surətdə soruşdu.
— Hamı mənə İtigöz deyir!
— İtigöz, sən çətinliklərə hazırsan?
— Hazıram! — Ucal qətiyyətlə cavab verdi.

Bütün bunlar artıq ona oyun kimi gəlmirdi. O, özünü əsl Amerika çöllərinin döyüşçüsü kimi hiss edirdi.

— Onda bir şeir söylə, İtigöz. Bu, sənin birinci sınağın olacaq.

Ucal dərindən nəfəs aldı, qamətini düzəltdi və... gördü ki, heç nə yadına düşmür. Onun üzü qızarmağa başladı. Hiss etdi ki, yavaş-yavaş başdan ayağa qızarır. Hə, indi o, doğrudan da, əsl qırmızıdərili döyüşçüyə oxşayırdı.

— Deməli, şeir! — deyə Ucal axırıncı dəfə nəsə yadına salmağa çalışdı. Birdən onun ağlına belə bir fikir gəldi ki, yadıma salmaqdansa, özüm şeir qoşum.

O, dərindən ah çəkdi və kiçik bir şeir qoşdu:

— Heç kim bizdən qaça bilməz!
Mağaraya gedir İtigöz!..

Hamı heyrətdən donub qalmışdı.

— Ay, səni!.. Bax buna deyərəm şeir! — Niquş dilləndi, — mənim çox xoşuma gəldi.
Lalə dedi:
— Deyəsən, Abbas Səhhətindir.
Kamal gülümsündü:
— Məncə bu, Ucalın özünündür, amma fərqi yoxdur. Əsas odur ki, o, birinci sınaqdan keçdi.

Növbəti sınaq Niquş üçün idi. Ona tapşırıq verdilər ki, mağaraya gedib, qorxulu Bizona qalib gəlsin. Niquş heç əməlli-başlı bilmirdi ki, Bizon kimdir, ona görə də yuvanın içinə atıldı. Ora isti və rahat idi. O, ətrafa baxdı və gördü ki, iki dənə böyük, parlaq göz qorxu ilə qaranlıqdan ona baxır. Əvvəlcə Niquş qorxdu. Düşündü ki, doğrudanmı, bu Bizondur?!

"Bizon"sa özünü qəribə apardı: "Kömək eləyin! Məni öldürürlər!" — deyə qışqıraraq mağaradan çıxdı.

Bu vaxt, hamı, elə Niquş özü də, gördü ki, Bizon heç də Bizon deyilmiş. Bu, Toppuş imiş.

Toppuş qorxu içində qışqırdı:
— Evimə oğru girib, kömək eləyin!.. Polis çağırın!
— Nə oğru? Bu, cəsur döyüşçüdür, — deyə Kamal onun səhvini düzəltdi, — Bilirsən, bu, oyundur. Biz Amerika çöllərinin döyüşçüləri oyununu oynayırıq.

Niquş yuvadan bayıra çıxdı. Saçına toyuq sümüyü ilişdiyindən həyəcanla qışqırdı:
— Vay-vay, elə qorxdum ki! Elə bildim Toppuş doğrudan da Bizondur.

Toppuş Bizon olmaq istəmirdi, o da hamı kimi döyüşçü olmaq istəyirdi. Ona görə də uşaqlara təklif etdi:
— Gəlin, belə edək. Qoy mən mağaraya girim və sümüklərimi qoruyum, beləliklə də sınaqdan keçib döyüşçü olaram.

Kamal dedi:
— Lazım deyil, sən oynamırsan. Biz öz tayfamıza dördayaqlıları götürmürük.

Toppuşun qanı qaraldı. Niquşsa fikirləşdi ki, dördayaqlı olduğuna görə kimisə oyuna götürməmək düzgün deyil. Amma heç nə demədi.

Lalə dedi:
— Kamal düz deyir, dördayaqlı döyüşçü görmüsən heç?
— Üstəlik tükləri də pırpız olsun, — deyə Ucal əlavə etdi, — belə döyüşçü olmaz ki!
— Mən heç də pırpız deyiləm!

Ucal ürəyinin dərinliyində bunun yaxşı hərəkət olmadığını hiss edirdi. Axı hələ səhər o, sevinirdi ki, belə fərqli dostları var. İndi isə belə çıxır ki, uşaqlar Toppuşla ona görə oynamaq istəmirlər ki, o, başqalarına oxşamır, tam fərqlidir.

Toppuş başını aşağı salıb, ağaca tərəf getdi.

Lalə isə dedi:
— Başqa bir oyun oynayanda səni çağırarıq!

Hardansa uçub özünü yetirmiş Quşcuğaz da dedi:
— Mütləq, mütləq çağıracağıq!

Sən demə, Quşcuğaz onların axırıncı sözlərini eşidibmiş. Odur ki, Amerika çöllərinin döyüşçüsü olmaq onun da ürəyindən keçirmiş.

Quşcuğaz çox ağıllı idi (hər halda, özü belə düşünürdü). Ona görə də ilk növbədə öz görkəmini qiymətləndirdi. Fikirləşdi ki, onun dörd deyil, iki ayağı var, heç də pırpız deyil. Bir də ki, onun lələkləri Ucalın başına taxdığı lələklər qədər gözəldir.

Quşcuğaz dedi:
— Sizi salamlayıram, iki ayaqlı qırmızıdərililər tayfası!
— Salam, Quşcuğaz!
— Siz görürsünüz ki, mənim də iki ayağım var?
— Görürük...
— Bəs görmürsüz ki, mən pırpız deyiləm?
— Görürük...
— Demək, məni oyuna qəbul etmək olar.
— Axı sənin əllərin yoxdur, ancaq qanadların var!
— Nə olsun ki?
— Bağışla, Quşcuğaz. Sən uçan döyüşçünü harda görmüsən? Bizim tayfa ikiayaqlılar tayfasıdır, ikiqanadlılar yox.
— Belə oldu? Siz peşman olacaqsınız, — deyə Quşcuğaz hirsləndi, — lələklərimə and olsun!

Quşcuğaz elə incimişdi ki, sözlə demək mümkün deyildi. O, dəhşətə gəlmişdi. Öz-özünə düşünürdü ki, gör e, axı nə üçün ən gözəl və ağıllı quşu oyuna götürmürlər.

Quşcuğaz nə isə yumşaq bir şeyi tapdaladığını hiss etdi:
— Ay, bu kimdir?
Toppuş bikef halda dedi:
— Mənəm, Toppuş. Eybi yoxdur, üstümdə gəzə bilərsən. Mən onsuz da heç kimə lazım deyiləm.
— Ah, əziz dostum, — Quşcuğaz ağlamağa başladı, — sən demə, mənim kimi ağıllı və gözəl Quşcuğaz da heç kimə lazım deyilmiş. Təsəvvür edirsən, onlar deyirlər ki, məni oyuna qəbul etməyəcəklər, çünki mənim qanadlarım var və mən uça bilirəm.

Toppuş dedi:
— Ağlama, məni də götürmədilər. Onlar dedilər ki, mənim dörd ayağım var və mən pırpızam.

Quşcuğaz bir az fikirləşib dedi:
— Gəl, özümüz "Amerika cəngəllik" döyüşçüləri oyununu oynayaq.
— Oynayaq, — Toppuş sevindi, — gəl, əvvəlcə ox atmağı öyrənək. Sonra...
Quşcuğaz təklif etdi:
— Sonra isə isti şokolad içərik; bu içkini hindular kəşf ediblər. Gedək bizə. Mən kakaonu yaxşı bişirirəm.
— Getdik! — Toppuş dedi.

Dostlar qucaqlaşaraq Quşcuğazın yuvasının yanındakı ağaca tərəf getdilər.

Ağac həyatın ən müdrik və ən qədim sakinlərindən biri idi. Əsası isə onun danışmağı bacarmasıdır. Bundan da vacib olan odur ki, o, qulaq asmağı da bacarırdı. Çünki danışmağı hamı bacarır, qulaq asmaq isə hər kəsin işi deyil.

— Nə olub? — Ağac soruşdu, — qanınız niyə qaradır?

Toppuşla Quşcuğaz əhvalatı Ağaca danışdılar.

Uşaqlar nahardan sonra həyətə düşəndə gördülər ki, Quşcuğazla Toppuş heç nə olmamış kimi üz-üzə oturub isti şokolad içirlər. Ətrafı kakao ətri bürümüşdü.

— Siz orada nə edirsiniz? — uşaqlar təəccüblə soruşdular.
Quşcuğaz acıqla cavab verdi:
— Görmürsüz? Biz Amerika cəngəlliklərinin döyüşçüləri oyununu oynayırıq! Onu da bilin ki, döyüşçülər həmişə döyüşdən sonra isti şokolad içirdilər.

Kakaonu çox sevən Niquş soruşdu:
— Olar, biz də sizinlə oynayaq?
Quşcuğaz dedi:
— Əlbəttə olar! Ee çaşdım, demək istəyirəm ki, əlbəttə olmaz! Biz öz tayfamıza ancaq gözəlləri qəbul edirik. Məsələn, qanadlıları və ən azı dörd pəncəsi olanları.

— Yaxşı, bəsdirin, — Ağac söhbətə qoşuldu, — sözünüzdən belə çıxır ki, gərək mənimlə heç kəs oynamasın. Mənim nə əlim var, nə ayağım, nə də ki qanadım. Ümumiyyətlə, mən yaşılam. Başa düşün, hər kəsi olduğu kimi qəbul etmək lazımdır. Hətta onların rəngi fərqlidirsə və sənə oxşamırsa, hətta onlar pırpızdırlarsa, burunları böyükdürsə, zolaqlıdırlarsa və sənin kimi fikirləşmirlərsə.

Toppuş dedi:
— Sən haqlısan, mən hiss etdim ki, təklənəndə necə pərt olursan və özünü necə tənha hiss edirsən.
— Bir baxın, biz ki hamımız fərqliyik! — Lalə öz kəşfindən sevinərək dedi, — hətta Ucalla Niquş bacı-qardaş olsalar da bir-birlərinə oxşamırlar.
Kamal dedi:
— Quşcuğaz Toppuşa oxşamır...
Niquş dedi:
— Toppuş mənə oxşamır...
Ucal dedi:
— Amma buna baxmayaraq, biz dostuq!

Uşaqlar güldülər. Sonra kimsə bir tayfa halında birləşməyi təklif etdi və onlar birlikdə ağacda oturub Quşcuğazın hazırladığı isti şokoladı içməyə başladılar. Axşamüstü yorğun halda evlərinə dağılışanda qərara aldılar ki, sabah mütləq oyunu davam etdirəcəklər.

Axşam Ucal yatağa girəndə anasına belə dedi:
— Bundan sonra mən hamıyla yaxşı davranacam. Onlar necə görünürlərsə, görünsünlər, hətta onlar fərqli fikirləşsələr belə.

Pinqvin Puçi

Bir nağıl seç, qulaq as və yuxuya get ⭐️

Bütün nağıllar

Bu bölmədən daha çox

Mobil tətbiq

Bütün MOKA dünyası bir toxunuş uzaqlıqda

  • Uşağın oyun vaxtı canlı ekranda
  • Bonus xallar: 5 gəliş — pulsuz içki, 10 gəliş — pulsuz giriş
  • Bütün filiallar bir tətbiqdə
Google PlayApp Store
Moka Kids tətbiqi