Əlaqə
Menyunu aç Menyunu bağla
Çəkməli pişik
3–6 yaş Məktəbəqədər nağıllar

Çəkməli pişik

Şarl Perronun “Çəkməli pişik” nağılı atasından miras olaraq qardaşlardan birinə qalan pişikdən bəhs edir. Gənc oğlan əvvəlcə bu mirasdan razı qalmasa da, pişiyin hiyləgərliyi və sədaqəti sayəsində arzuladığından da artığına sahib olur.

~9 dəqiqə oxu Səsli nağıl
0:00 0:00

Bir dəyirmançı ölüm ayağında üç oğluna dəyirman, eşşək və pişikdən başqa heç bir miras qoymadı. Qardaşlar mirası tez bölüşdürdülər və heç kimin köməyinə ehtiyac duymadılar.

Böyük qardaş dəyirmanı götürdü.

Ortancıl qardaşa eşşək düşdü.

Kiçik qardaşa isə pişiyi verdilər.

Kiçik qardaş payına belə az miras düşdüyünə görə uzun müddət kədərləndi.

“Qardaşlarım bir-biri ilə razılaşıb halal zəhmətlə çörəkpulu qazana bilərlər. Mən, yazıq isə acından ölməli olacağam”, — deyə düşünürdü.

Bu sözləri eşidən, amma qulaq asdığını heç büruzə verməyən pişik birdən sakit və ciddi səslə dedi:

— Kədərlənmə, sahibim. Yaxşısı budur, mənə bir kisə ver, bir cüt də çəkmə sifariş et ki, kolluqlarda gəzəndə ayaqlarım ağrımasın. Onda görəcəksən ki, düşündüyün qədər də bəxtsiz deyilsən.

Pişiyin sahibi onun vədlərinə çox da inanmasa da, müxtəlif hiylələrlə siçan tutmaqda necə mahir və çevik olduğunu bilirdi. Buna görə düşündü ki, bəlkə pişik həqiqətən də bu çətin vəziyyətdə ona kömək edə bilər.

İstədiklərini gətirəndə pişik cəsarətlə çəkmələrini geyindi, kisəni boynundan asdı, kisənin ağzını bağlayan ipləri qabaq pəncələrinə aldı və çoxlu dovşanın yaşadığı meşəyə yollandı. Kisənin içinə kəpək və bir az ot qoydu. Sonra özünü ölülüyə vurub yerə uzandı və cavan bir dovşanın yemə aldanaraq kisəyə girməsini gözlədi.

Pişik yenicə uzanmışdı ki, balaca bir dovşan kisənin içinə atıldı. Pişik dərhal ipləri çəkib kisənin ağzını bağladı və ovuna sevinərək vaxt itirmədən kralın yanına getdi.

Pişiyi kralın otağına buraxdılar. İçəri girən kimi o, kralın qarşısında dərin təzim edib dedi:

— Hökmdarım, bu dovşanı sizə gətirmişəm. Cənab markiz Karabas onu sizə hədiyyə etməyimi tapşırıb.

Pişik öz sahibinə bu adı vermişdi.

— Sahibinə de ki, ona təşəkkür edirəm və hədiyyəsindən çox razı qaldım, — deyə kral cavab verdi.

Başqa bir dəfə pişik yenə kisəsini götürüb buğda tarlasında gizləndi. İki kəklik kisəyə girən kimi ipləri çəkib onların hər ikisini tutdu.

Sonra dovşanı apardığı kimi, kəklikləri də krala apardı. Kral bu hədiyyəni də məmnuniyyətlə qəbul etdi.

Beləcə, pişik iki-üç ay ərzində öz sahibinin adından krala ov hədiyyələri apardı. Bir gün o eşitdi ki, kral dünyanın ən gözəl şahzadəsi olan qızı ilə çay sahilində gəzintiyə çıxmağa hazırlaşır. Pişik sahibinə dedi:

— Məsləhətimə qulaq assan, ömrün boyu xoşbəxt olacaqsan. Dediyim yerə gedib çayda çim, qalanını isə mənə həvalə et.

Markiz Karabas bunun nə üçün lazım olduğunu anlamasa da, pişiyin sözünə qulaq asdı.

O, çayda çimərkən kralın karetası oradan keçdi. Elə bu vaxt pişik ucadan qışqırdı:

— Kömək edin! Kömək edin! Cənab markiz Karabas boğulur!

Kral qışqırıq səsini eşidib başını karetdən çıxardı. Ona dəfələrlə ov hədiyyələri gətirən pişiyi tanıyanda xidmətçilərinə dərhal markiz Karabasın köməyinə qaçmağı əmr etdi.

Yazıq markizi çaydan çıxararkən pişik karetaya yaxınlaşıb krala dedi ki, sahibi çimən zaman oğrular onun paltarlarını aparıblar. Pişik var gücü ilə köməyə çağırsa da, oğruları saxlaya bilməyibmiş. Halbuki hiyləgər pişik özü paltarları böyük bir daşın altında gizlətmişdi.

Kral dərhal xidmətçilərinə markiz Karabas üçün ən gözəl geyimi gətirməyi əmr etdi. Sonra qonağını gəzintiyə aparmaq üçün karetaya mindirdi.

Planının baş tutmağa başladığını görən pişik sevinə-sevinə qabağa qaçdı. Yolda çəmənlikdə ot biçən kəndlilərlə qarşılaşdı və onlara dedi:

— Ey kəndlilər! Krala bu çəmənliyin cənab markiz Karabasa məxsus olduğunu deməsəniz, hamınızı yerlə-yeksan edərəm!

Kral həqiqətən də kəndlilərdən çəmənliyin kimə məxsus olduğunu soruşdu.

— Cənab markiz Karabasa! — deyə onlar bir ağızdan cavab verdilər. Pişiyin hədəsi onları qorxutmuşdu.

Pişik isə qabaqda qaçmağa davam edirdi. Bu dəfə o, taxıl biçən adamlara rast gəlib dedi:

— Ey biçinçilər! Bütün bu taxıl tarlalarının cənab markiz Karabasa məxsus olduğunu deməsəniz, hamınızı yerlə-yeksan edərəm!

Bir qədər sonra oradan keçən kral görünən taxıl tarlalarının kimə məxsus olduğunu öyrənmək istədi.

— Cənab markiz Karabasa! — deyə biçinçilər cavab verdilər.

Kral markizlə birlikdə buna çox sevindi.

Pişik isə karetanın qabağında qaçır, qarşılaşdığı hər kəsə eyni tapşırığı verirdi. Kral markiz Karabasın bu qədər böyük var-dövlətə sahib olmasına heyrətlənmişdi.

Nəhayət, pişik misilsiz sərvəti olan bir adamyeyənin möhtəşəm qəsrinə çatdı.

Pişik əvvəlcədən bu adamyeyənin kim olduğunu öyrənmişdi. O, adamyeyənlə görüşmək üçün icazə istədi və dedi ki, qəsrin yanından keçərkən ona baş çəkib təzim etmədən getməyi özünə rəva bilməyib.

Adamyeyən onu bacardığı qədər nəzakətlə qarşıladı və oturmağa dəvət etdi.

— Deyirlər ki, siz müxtəlif heyvanlara çevrilə bilirsiniz, — pişik dedi. — Məsələn, şir və ya fil ola bilərsiniz?

— Doğrudur, — adamyeyən qalın səslə cavab verdi. — İndi sənə göstərərəm.

Qarşısında şir görən pişik elə qorxdu ki, dərhal dama qaçdı. Amma bunu etmək heç də asan və təhlükəsiz deyildi, çünki çəkmə ilə kirəmitlərin üstündə gəzmək çox çətin idi.

Adamyeyən yenidən insan şəklinə qayıdanda pişik damdan endi və bərk qorxduğunu etiraf etdi.

— Bir də deyirlər ki, — pişik yenidən sözə başladı, — siz ən kiçik heyvanlara da çevrilə bilirsiniz. Məsələn, siçovul və ya siçan ola bilərsiniz. Amma mən buna inanmıram. Açığını deyim, bunun mümkün olmadığını düşünürəm.

— Mümkün deyil?! — adamyeyən qışqırdı. — İndi görərsən!

Elə həmin an o, siçana çevrildi və döşəmədə qaçmağa başladı.

Pişik onu görən kimi üstünə atıldı və yedi.

Bu vaxt kral gözəl qızı ilə birlikdə qəsrə çatdı. Pişik atların dırnaq səslərini eşidib onları qarşılamağa qaçdı və krala dedi:

— Əlahəzrət, cənab markiz Karabasın qəsrinə xoş gəlmisiniz!

— Necə, cənab markiz?! — kral heyrətlə səsləndi. — Bu qəsr də sizə məxsusdur? Həyəti və tikililəri necə də gözəldir! İcazə versəniz, otaqlara da baxaq.

Markiz gənc şahzadəyə əlini uzatdı və onunla birlikdə qabaqda gedən kralın ardınca qəsrə daxil oldu. Böyük zalda onları zəngin bir süfrə gözləyirdi. Adamyeyən bu süfrəni həmin gün ona qonaq gələcək dostları üçün hazırlatmışdı. Lakin onlar kralın qəsrdə olduğunu öyrənəndə içəri girməyə cəsarət etməmişdilər.

Markiz Karabasın xeyirxahlığı həm kralın, həm də şahzadənin ürəyini fəth etdi. Markizin saysız-hesabsız sərvətə sahib olduğunu görən kral bir qədər dincəldikdən sonra qəfildən dedi:

— Cənab markiz, mənim kürəkənim olmaq istərdinizmi?

Markiz, əlbəttə, belə böyük bir şərəfə sevinclə razı oldu və elə həmin gün şahzadə ilə evləndi.

Pişik də onlarla birlikdə bolluq içində yaşamağa başladı. Daha siçan tutmurdu, yalnız hərdən əylənmək üçün ov edirdi.

Pinqvin Puçi Səsi aç və rahat otur — nağıl başlayır 🎧

Bəyəndin? Növbəti nağıl hazırdır

Puçi hər həftə yeni nağıl seçir — bölmələrə bax və sevimlini tap.

Bütün nağıllar

Eyni kateqoriyadan digər nağıllar

Övladınız üçün audio və video nağıllar. Təsəvvürü inkişaf etdirir və yaxşılığa öyrədir.

Mobil tətbiq

Bütün MOKA dünyası bir toxunuş uzaqlıqda

Mobil tətbiq