Mokakids.az

Adi günlərdən birində dostlar həyətdə oturub darıxır, hansı oyunu oynayacaqları barədə fikirləşirdilər. Bu zaman Aysel təəccüblə Murada baxıb dedi:

— Aaa..., bu nədir! Dostum, axı deyəsən, sənin üstünə nəsə düşdü.
— Ola bilməz! — Murad dedi, — düşsəydi, hiss edərdim... Bilirsən ki, çox həssasam!

— Axı üstünə, doğrudan da, nəsə düşdü! — deyə Aysel Murada yaxınlaşdı. O, Muradın başına qonub qulaqlarının arasına baxdı.

— Aha, tapdım! — Aysel ucadan qışqırdı, — bu ki ulduzdur! Sənin üstünə ulduz düşüb, əzizim...

Murad dedi:
— Heyif, gərək ürəyimdə arzu tutardım.

Az sonra bu xəbər bütün həyətə yayıldı. Murad sevincini dostları ilə bölüşdü:
— Mən... mən... ulduz tapmışam! Mən bunu elə o dəqiqə hiss etdim və Zəhraya dedim: "Zəhra, başıma ulduz düşdü. Hətta mən onun tərpəndiyini də hiss edirəm!"

Elvin yaxınlaşıb ulduzu əlinə götürdü. Ulduz isti idi və tərpənmirdi. Amma işıq saçırdı. Elə Murad özü də sevincdən işıq saçırdı.
— Deməli, belə... — Elvin Murada dedi, — bu, əsl ulduzdur! Baxın, ona toxunan kimi işıq saçır.

— Əlbəttə, əsl ulduzdur! — Murad sevinclə cavab verdi, — axı o, göydən düşüb... Məncə, onu hansısa yadplanetli itirib... Yazıq... Yəqin indi o, kosmosda çox bikefdir.

Murad özü də kədərləndi. Gözünün qabağına balaca, yaşıl bir yadplanetlini gətirdi. O, ulduzunu itirdiyinə görə antennalarını aşağı sallayıb hönkür-hönkür ağlayırdı.

— Aha! — Elvin sevinclə dedi, — hər şey aydındır! Murad haqlıdır. Ulduzu yadplanetli itirib. Yəqin ki, o, bu yaxınlarda ulduzunun dalınca gələcək.

Zəhra sevincindən əl çalıb dedi:
— Nə gözəl! Çoxdandır yadplanetli görmək arzusundaydım.

— Olar, mən də ulduzu əlimdə tutum? — deyə Rauf Elvinə yaxınlaşdı, — istəyirəm, baxım, o, mənim ovucumda necə işıq saçacaq?!

— Olmaz! — deyə Elvin kənara çəkildi, — sən onu yerə salarsan. Rauf, məncə, sən buradan getməlisən, axı mən də yadplanetlini qarşılamaq istəyirəm.

Rauf özünü itirdi. O, başdan ayağa Raufı süzdü. Rauf isə onun üst-başına baxdı. Gördü ki, köhnə paltardan çıxıb, şalvarının balağı qatlanıb, ayaqqabılarının bağları açılıb. Bir də o, başına Ayselin yuvasına oxşayan həsir papaq qoyub. Elvin gözlərini Raufdan gizlədərək dedi:

— Başa düşmürsən ee!... Papağın da bir az qəribədir... Bilirsən, bunlar yadplanetlini qorxuda bilər.

Aysel özündən çıxdı:
— Xahiş edirəm, sözlərinə diqqət et! Yeri gəlmişkən, bu papağı ona mən bağışlamışam.

Zəhra bərkdən güldü:
— Doğrudan? Deyirəm axı, o, sənin köhnə yuvana oxşayır!

— Ey, bura bax! — Aysel lap əsəbiləşdi, — bu, quş yuvası deyil, bu, həsir papaqdır... Özü də əl işidir! Özüm düzəltmişəm!

— Nə olsun? — Elvin dilləndi, — Raufa yaraşmır... Bir az qəribədir. Buna görə də istəmirəm ki, bizimlə birlikdə yadplanetlini qarşılasın.

Rauf çaşqınlıqla uşaqlara baxdı. Ona elə gəldi ki, bütün bunlar yuxudur. İşə bir bax, geyimi azacıq fərqlidir deyə ondan uzaq durmaq istəyirlər.

Nihat gördü ki, indi Raufı müdafiə etməsə, özünü heç vaxt yaxşı hiss etməyəcək. Odur ki, dedi:
— Məgər siz düz hərəkət edirsiniz?

— Vay... vay... vay... — deyə Murad onun sözünü kəsdi, — ulduz daha işıq saçmır! O söndü.

Doğrudan da, ulduz artıq işıq saçmırdı. O, tutqun və soyuq görünürdü və tamamilə sönmüşdü.

— Hər şey də ona görə oldu ki, biz düz hərəkət etmədik, — Murad ağlayaraq dedi, — axı insana paltarına görə qiymət verməzlər?!

Elvin fikrə getdi. O, hərəkətinə görə peşman idi. Başqa uşaqlar da onun kimi, hətta Rauf da. Onun yadına düşmüşdü ki, bir dəfə o da uşaqlarla döyüşçü oyunu oynayanda, özünü düzgün aparmamışdı.

— Gərək hər kəsi olduğu kimi qəbul edəsən! — Elvin sakitcə dedi. O, Raufın yanına gəlib ulduzu ona uzatdı və gülümsədi.

Elə bu vaxt ulduz yenidən işıq saçmağa başladı. Sonra isə... sonra isə... çox qəribə bir hadisə baş verdi: ulduz Raufın ovucundan havaya qalxdı, o, əvvəlkindən də çox işıq saçdı və göyə qalxaraq balaca, yaşıl yadplanetlinin yanına qayıtdı.

Dostlar heyrətlə səmaya baxırdılar.

Birdən Murad hiss etdi ki, xoşbəxtdir. O, fikirləşdi ki, kosmosdakı balaca, yaşıl yadplanetli də yəqin ki, itirdiyi ulduzu tapdığına görə çox xoşbəxtdir. Hətta bir anlıq ona elə gəldi ki, səmada yadplanetlinin sevincindən işıq saçan gözlərini də gördü.

Pinqvin Puçi

Bir nağıl seç, qulaq as və yuxuya get ⭐️

Bütün nağıllar

Bu bölmədən daha çox

Mobil tətbiq

Bütün MOKA dünyası bir toxunuş uzaqlıqda

  • Uşağın oyun vaxtı canlı ekranda
  • Bonus xallar: 5 gəliş — pulsuz içki, 10 gəliş — pulsuz giriş
  • Bütün filiallar bir tətbiqdə
Google PlayApp Store
Moka Kids tətbiqi