Biri var idi, biri yox idi. Ömər adlı balaca bir oğlan var idi. Ömər çox ağıllı və sözəbaxan oğlan idi. Anası ilə atası onu çox sevir, həmişə xoşbəxt etməyə çalışırdılar. Amma Ömərin bir pis vərdişi var idi: o, yemək yeməyi heç sevmirdi. Anası nə bişirsə də, bəyənmirdi. Yalnız mağazadan alınan şokolad, çips və başqa hazır qidaları istəyirdi. Anası ona meyvələrin, tərəvəzlərin və ev yeməklərinin nə qədər faydalı olduğunu, sağlam böyüməsinə necə kömək etdiyini izah etməyə çalışırdı. Təəssüf ki, Ömər bunları başa düşmək belə istəmirdi.
Anası Ömərin boşqabında qalan yeməkləri həmişə həyətdəki quşlara verirdi. Bəzən quşlar da həmin yeməkləri yemir, nəticədə ərzaqlar xarab olurdu. Anası bütün bunları ona başa salmağa çalışsa da, Ömər qulaq asmaq istəmirdi.
Bir gün yenə səhər açılmış, günəş doğmuşdu. Öməri hər zaman anasının mehriban, şən səsi və nəvazişli öpüşləri oyadardı. Amma bu gün nədənsə o, anasının səsini eşitmirdi, onun qucağını da hiss etmirdi. Başını qaldırıb anasını səsləmək istədi, ancaq ətrafında heç kimin olmadığını gördü. Birdən kimsə onu küskün səslə çağırdı. Ömər bu səsi əvvəllər heç eşitməmişdi. Onu kimin çağırdığını bilmək üçün səsin ardınca getdi. Getdikcə səs ondan uzaqlaşırdı və Ömər tanımadığı bir yerə gəlib çıxdı.
Ətrafa baxanda böyük taxıl sahələri gördü. Sahələri keçdikdən sonra taxılı üyütmək üçün dəyirmanda çalışan insanların necə əziyyət çəkdiyini gördü. Bir az irəlilədikcə yediyimiz qidaların hazırlanması üçün nə qədər insanın əmək sərf etdiyini anladı. Bəziləri traktorla, bəziləri kotanla torpağı şumlayır, başqaları taxıl əkir, digərləri isə buğdanı üyüdürdü. Sonra gördü ki, taxıldan hazırlanan məhsullar başqa zavodlarda da böyük zəhmət hesabına hazırlanır.
Sehirli səs Ömərə dedi: "Bax, bunlar sənin bəyənmədiyin qidaları hazırlamaq üçün çəkilən zəhmətdir". Ömər düşündü: "İlahi, doğrudan da, bütün bunlar nə qədər ağır əmək tələb edir!"
Səs yenə dedi: "İndi isə gedək, ananınla atanın bunları sənə almaq üçün necə zəhmət çəkdiklərinə baxaq". Ömər bir az getdikdən sonra atasının iş yerini gördü. Atası zavodda mühəndis işləyirdi. Ömər onu çağırmaq istədi, amma atası onu eşidə bilməzdi. Çünki işinə çox diqqət yetirirdi. O, tez-tez saata baxırdı. Nahar vaxtı olsa da, hələ yemək yeməyə vaxt tapmamışdı. Ömərin atasının bu halını görməyə ürəyi ağrıdı.
Bir az sonra Ömər öz mətbəxlərində anasının böyük həvəslə yemək hazırladığını gördü. Birdən anasının kefsiz halda belə dediyini eşitdi: "Görəsən, Ömər bu yeməyi bəyənib yeyəcək?"
Ömər artıq utanmağa başlamışdı. Sehirli səs dedi: "Bilirsən, bu, hələ görməli olduqlarının hamısı deyil. Sənin bəyənmədiyin yeməklərə, meyvə və tərəvəzlərə həsrət qalan nə qədər uşaq var. Elə uşaqlar var ki, heç isti ev yeməyi yeyə bilmirlər".
Ömər daha dözə bilmədi. "Bəsdir! Mən artıq heç nə görmək istəmirəm. Hər şeyi başa düşdüm. Bəs sən kimsən? Bunları mənə niyə göstərirsən?" — deyə soruşdu.
Sehirli səs cavab verdi: "Mən valideynlərinin çəkdiyi zəhmətin, sənin yemədiyin yeməklərin səsi və ən əsası, sənin daxili səsinəm. Səni dərindən düşünməyə vadar edən də elə budur".
Ömər "Yaxşı, başa düşdüm!" deyib ağlamağa başladı. Birdən sehrli səsin əvəzinə anasının səsini eşitdi. Əvvəlcə yanıldığını düşündü, amma anasının səsi getdikcə daha aydın gəlirdi. Nəhayət, anası onu qucağına alıb sakitləşdirdi.
"Oğlum, sakit ol. Mən sənin yanındayam. Ağlama, bu, sadəcə bir yuxu idi", — dedi anası.
Ömər gözlərini açıb anasını görəndə çox sevindi. Dedi: "Bəli, ana, bu, yuxu idi, amma mən hər şeyi çox yaxşı başa düşdüm. Söz verirəm ki, bundan sonra hazırladığın yeməkləri dəyərsiz etməyəcəyəm. Atamın aldığı ərzaqların və əşyaların qədrini biləcəyəm". Sonra gözlərini yumub dedi: "Buna görə sənə təşəkkür edirəm, daxilimdəki sehrli səs!"







