Bir var idi, biri yox idi. Aysel adlı bir qızın Murad adlı kiçik qardaşı var idi. Valideynlərinin vəfatından sonra çox kədərlənən uşaqlar birlikdə yaşayırdılar. Günlərin bir günü işləməyə gedən Aysel qardaşını da özü ilə apardı. Xeyli yol gedəndən sonra ətrafında inəklər otlayan bir gölün kənarına çatdılar.
– Mən susamışam, su içmək istəyirəm, – deyə Murad bacısına səsləndi.
Bacısı isə ona dedi:
– Bir qədər səbr elə, gölməçədən su içmə. İçsən, çəpişə dönərsən.
Onlar bir qədər də yol gedəndən sonra ətrafında çəpiş sürüsü otlayan daha bir gölməçənin yanına çatdılar.
– Bacıcan, daha dözə bilmirəm, çox susamışam, qoy mən bir az su içim!
– Bacı, yenə qardaşını su içməkdən çəkindirməyə çalışdı. Lakin Murad bu dəfə bacısının sözünə baxmadı. O, gölməçədən su içdi və çəpişə döndü.
– Ah... qardaşım, sən nə etdin, niyə sözümə qulaq asmadın, – deyə Aysel ağlamağa başladı.
Aysel çəmənlikdə qardaşının yanında oturub ağlayırdı, bu vaxt yaxınlıqdan cavan, igid bir şahzadə keçirdi.
– Gözəl qız, nə üçün ağlayırsan?
Aysel öz dərdini şahzadəyə danışdı. Şahzadənin Ayseldən o qədər xoşu gəldi ki, ona evlənmək təklif etdi. Beləliklə də, Aysel, şahzadə və çəpişə dönmüş qardaşı birlikdə yaşamağa başladılar.
Bir gün şahzadə işləri ilə bağlı harasa getmişdi. Bundan istifadə edən cadugər qarı Ayselin yanına gələrək onu çaya çimməyə çağırdı. Aysel yaşlı qadının xətrinə dəyməmək üçün razılaşdı. Qarı Ayseli çayın qırağına gətirən kimi üstünə atıldı, boynuna kəndirə bağlanmış daş keçirərək çaya itələdi. Özü isə Ayselin cildinə girərək saraya qayıtdı.
Ayselin cildinə girmiş cadugər qarı çəpişi incitməyə və şahzadəni onu kəsməyə sövq etməyə başladı. Bunu eşidən çəpiş çayın qırağına qaçaraq hönkür-hönkür ağladı:
– Aysel, bacı, bacı..! Çıx sudan xahiş edirəm, qoca cadugər qarı məni öldürmək istəyir.
Aysel ona suyun dibindən cavab verdi:
– Murad, qardaşım..! Boynumdakı ağır daş məni çayın dibinə çəkir, qara torpaq isə ürəyimi taqətdən salıb.
Bu zaman şahzadə də çəpişin izinə düşərək çayın qırağına gəlmişdi. Çəpişin ağlayaraq bacısını çaydan çağırdığını və Ayselin ona dediklərini eşitdi. Şahzadə çaya atılaraq Ayseli sudan çıxartdı, boynuna bağlanmış ağır daşı açdı. Aysel dirildi və əvvəlkindən də gözəl oldu. Cadugərin tilsimi qırıldı və çəpiş yenidən oğlana çevrildi.
Cadugər qarını atın quyruğuna bağlayaraq çöllüyə qovdular. Özləri isə əvvəlkindən daha xoşbəxt həyat sürməyə davam etdilər.





