Əlaqə
Menyunu aç Menyunu bağla
Tülkü və quyunun sirri

Tülkü və quyunun sirri

Tülkü və quyunun sirri

Tamah onları quyuya saldı, dostluq və birlik isə xilas etdi.

~10 dəqiqə oxu

Biri var idi, biri yox idi, bir tülkü var idi. Bu tülkünün quyruğu uzun, ağlı iti, tamahı isə özündən də böyük idi.


Bir gün tülkü meşədə gəzə-gəzə köhnə bir quyunun yanına gəldi. Boynunu uzadıb içəri baxdı. Quyunun dibində ağappaq bir şey parıldayırdı.


– Ay, nə gözəl quyruqdur! Bunu yesəm, üç gün acmaram!


Tülkü sevincindən quyruğunu yellətdi. Sonra bir anlıq dayanıb öz-özünə dedi:


– Bəlkə, əvvəl bir də yaxşı baxım?


Elə bu vaxt qarnı bərkdən quruldadı. Tülkü öz qarnının səsindən diksindi.


– Yaxşı, yaxşı, tələsmə! İndi gətirirəm!


Tülkü gözlərini yumub quyuya tullandı.


GUP!


Bir az özünə gəldikdən sonra ayağa qalxıb ağ şeyə yaxınlaşdı. İylədi, o üzündən baxdı, bu üzündən baxdı. Sən demə, bu, quyruq yox, bir parça ağ daş imiş!


– Ay daş, daş! Heç olmasa, kartof olaydın!


Quyu onun səsini geri qaytardı:


– Olaydın... laydın... dın...


Tülkü qulaqlarını şəklədi:


– Hələ mənə gülürsən də?


Elə bu vaxt qaranlıq küncdən bir tısbağa çıxdı. Ardınca da bir ilan süründü.


– Daş danışmır, – tısbağa dedi. – Eşitdiyin öz səsinin əksidir.


İlan ah çəkdi:


– Mən o daşı yumurta bilib düşmüşəm bura.


Tısbağa başını yellədi:


– Mən də göbələk bilmişəm. Deyəsən, hamımız görmək istədiyimizi görmüşük.


Tülkü cavab vermək istəyirdi ki, yuxarıdan səs gəldi:


– O quyruğa toxunmayın! Mənimdir!


– Dayan! Daşdır! – deyə üçü də qışqırdı.


Amma gec idi.


TAP!


Çaqqal da quyuya düşdü. Hələ üst-başının tozunu çırpmamış quyunun ağzında bir qurd göründü. Onu da saxlaya bilmədilər. Ardınca donuz gəldi. Sonra isə yekə bir ayı quyunun içinə boylandı.


Tülkü var gücü ilə bağırdı:


– Ayı lələ, tullanma! Burada yemək yoxdur!


Ayı bığaltı güldü:


– Səni tanıyıram, tülkü! İstəyirsən hamısını özün yeyəsən!


Bir an sonra ayı da özünü quyuya atdı.


GUMBUR!


Quyu elə silkələndi ki, divardan bir ovuc torpaq töküldü. Ayı oturduğu yerdən ətrafa baxıb soruşdu:


– Burada nə yığıncaqdır?


Tısbağa cavab verdi:


– Tamah yığıncağı. Sən də axırıncı qonaqsan.


Ayı ağ daşı pəncəsinə götürüb qaşlarını çatdı:


– Məni bu balaca daş aldadıb?


– Daş yerindən belə tərpənməyib, – tısbağa dedi. – Biz özümüz tələsmişik.


Heyvanlar quyudan çıxmağa çalışdılar. Qurd tullandı, çaqqal divara dırmaşdı, donuz torpağı eşdi. Ayı isə o qədər bərkdən nərildədi ki, hamı qulaqlarını tutdu. Amma quyu dərin idi. Heç biri çıxa bilmədi.


Axşam düşdü. Quyunun ağzında bir ovuc ulduz göründü. Heyvanlar yorğun və ac halda bir-birinə baxdılar. Tülkü isə küncdə oturub quyruğunun ucunu bururdu. Nəhayət, ayağa qalxdı:


– Gəlin bir sayamaca deyim. Kimin adı axıra düşsə...


– O, bizə yol göstərsin! – tısbağa cəld onun sözünü kəsdi.


Tülkü udqundu:


– Hə... Elə mən də onu deyirdim.


Boğazını arıtlayıb oxumağa başladı:


Tülkü, tülkü, quyruq sarı,
Bir yol axtar lap yuxarı.
Qurdla çaqqal, donuz, ayı,
Hər kəs etsin özünə payı.
İlan baxsın sağa-sola,
Tısbağa da tapsın çarə!


Çaqqal burnunu büzdü:


– Bunun axırı heç uyğun gəlmədi!


Tısbağa başını qaldırdı:


– Eybi yoxdur. Əvəzində ağlıma bir fikir gəldi!


Quyunun ağzından bir ağac kökü sallanırdı. Tısbağa bayaqdan ona baxırdı.


– Tək-tək heç birimizin boyu çatmır. Amma bir-birimizə dayaq olsaq, çata bilərik! Ayı aşağıda dayansın. Qurd onun çiyninə çıxsın. Tülkü də qurdun üstünə qalxsın. İlan isə lap yuxarıdan kökə uzansın.


– Bəs mən? – çaqqal soruşdu.


– Sən qurdu saxla ki, sürüşməsin.


– Mən nə edim? – donuz qabağa çıxdı.


– Ayının ayağının altını düzəlt. Daşlar onu yırğalayır.


Ayı tısbağaya baxdı:


– Bəs sən?


– Mən də aşağıdan baxıb deyəcəyəm kim hara əyilsin!


Hamı işə girişdi. Donuz torpağı hamarladı. Ayı ayaqlarını yerə möhkəm basdı. Qurd onun çiyninə çıxdı. Tülkü də birtəhər qurdun üstünə qalxdı.


– Quyruğunu burnumdan çək! – qurd asqırdı.


– Burnunu quyruğumdan çək! – tülkü pıçıldadı.


– Dalaşmayın, yıxılacaqsınız! – tısbağa səsləndi.


İlan tülkünün çiynindən uzanıb kökə dolandı. Az sonra başını quyudan çölə çıxardı. Sərin meşə havasını duyanda sevincindən fısıldadı.


– Çıxdım! Burada uzun bir sarmaşıq var!


İlan sarmaşığın bir ucunu yaxınlıqdakı ağacın gövdəsinə dolayıb bərkitdi, o biri ucunu quyuya salladı. Ayı aşağıdan dartıb yoxladı.


– Möhkəmdir! İndi bir-bir çıxın!


Əvvəl tısbağanı sarmaşığa bağlayıb yuxarı çəkdilər. Sonra tülkü, çaqqal, qurd və donuz çıxdı. Axırda hamı birləşib ayıya kömək etdi.


Ayı quyudan çıxanda hamısı arxası üstə otların içinə yıxıldı. Bir anlıq sükut oldu. Sonra elə gülüşdülər ki, ağacdakı yuxulu bayquş da gözlərini açdı.


Tülkü ulduzlara baxıb dedi:


– Mən elə bilirdim, hamıdan ağıllıyam.


Tısbağa gülümsədi:


Ağıllı olmaq bəzən başqasına qulaq asmaqdır.


Səhər açılan kimi heyvanlar quyunun ətrafına iri budaqlardan çəpər çəkdilər. Tülkü də bir taxta tapıb üstünə yazdı:


“ƏVVƏL YAXŞI BAX, SONRA ADDIM AT!”


Elə bu vaxt tülkünün qarnı yenə quruldadı.


Ayı güldü:


– Bu səsi tanıdıq! Gəlin, yemək axtaraq. Amma bu dəfə gözümüzü açıq saxlayaq!


Göydən üç alma düşdü. Biri tısbağanın qabağına, biri ayının pəncəsinə, biri də düz tülkünün başına!


Tülkü almanı götürüb əvvəl diqqətlə baxdı, sonra iylədi. Hamı gülməyə başladı.


– Nə gülürsünüz? – tülkü dedi. – Birdən bu da daş olar!


Almaları bölüb yedilər. Bu dəfə heç kəs “hamısı mənimdir!” demədi.

Eyni kateqoriyadan digər nağıllar

Övladınız üçün audio və video nağıllar. Təsəvvürü inkişaf etdirir və yaxşılığa öyrədir.

Mobil tətbiq

Bütün MOKA dünyası bir toxunuş uzaqlıqda

Mobil tətbiq